Sadıqov mövsümün son oyununda 61 dəqiqə oynadı

Azərbaycanlı futbolçu İlya Sadıqov Rusiyanın “Ximki” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Rusiya Premyer Liqasının 2022/2023 mövsümünün sonuncu – 30-cu turu çərçivəsində baş tutan “Nijni Novqorod”la qarşılaşmanın iştirakçısı olub.

“Ximki” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası meydanı məğlubiyyətlə tərk edib – 0:2. Hesabı ilk hissədə açan meydan sahibləri matçın sonlarında daha bir qol vurmaqla yekun nəticəni müəyyənləşdiriblər.

“Ximki” klubunun sahibi Tufan Sadıqovun oğlu olan İlya Sadıqov oyuna start heyətdə başlayıb və 61-ci dəqiqədə əvəzlənib.

“Ximki”də forma geyinən digər azərbaycanlı futbolçu – Ayaz Quliyev isə bu matçın iştirakçısı olmayıb. O, sarı vərəqə limitini doldurduğu üçün mövsümün son oyununu buraxmaq məcburiyyətində qalıb.

Beləliklə, “Ximki” mövsümü 30 oyuna topladığı 18 xalla 16 kollektiv arasında 15-ci pillədə başa vurub. Nəticədə bu komanda Moskva “Torpedo”su ilə birgə Premyer Liqanı tərk edib. 30 xalla 13 və 14-cü pillələri tutan “Nijni Novqorod”la Voronej “Fakel”i isə elitada qalmaq üçün pley-off oyunları keçirmək məcburiyyətində qalıb.

Mövsümü 70 xalla başa vuran “Zenit” yenə Rusiya çempionu olub. Moskva ÇSKA-sı 58 xalla ikinci, paytaxtın digər təmsilçisi “Spartak” isə 54 xalla üçüncü olub.