Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov bu gün yeniyetmə və gənc voleybolçularla görüşüb.
Arena.az xəbər verir ki, görüşdə federasiyanın vitse-prezidentləri Faiq Qarayev, Bəhruz Quliyev və AVF-nin baş katibi Faiq Orucov da iştirak ediblər.
Tədbirə 19-21 may aralığında AVF tərəfindən 15 yaşadək qızlar arasında təşkil olunan voleybol turnirində fərqlənən oyunçular və onların məşqçiləri qatılıblar.
Şahin Bağırov voleybolçularla söhbətində voleybolun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, bu işdə gənclərin yaxından iştirakının zəruriliyini ifadə edib. Federasiya rəhbəri dərslə bərabər məşqlərə də vaxt ayırdıqları üçün voleybolçulara və onların valideynlərinə təşəkkür edib. Voleybolçuların problemləri ilə maraqlanan federasiya rəhbəri onları bir neçə gün əvvəl keçirilmiş turnirdə sərgilədikləri gözəl oyun münasibətilə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.
Görüşdə Faiq Qarayev çıxış edərək gənclərin məşq prosesinə necə yanaşmalı olduqlarından danışıb. Peşəkar voleybolçu kimi yetişmək istiqamətində məsləhətlərini verən Faiq Qarayev gənclərə karyeralarında uğurlar arzulayıb.
Daha sonra “Azərreyl-2” komandasının baş məşqçisi, əməkdar məşqçi Alla Həsənova çıxış edib. O, bir neçə gün əvvəl başa çatmış yarışda fərqlənən voleybolçuların seçim əsasında millinin ikinci komandasına cəlb ediləcəklərini bildirib. Alla Həsənova belə seleksiya tipli yarışların tez-tez keçirilməsinin vacib olduğunu deyib. Baş məşqçi qeyd edib ki, məhz bu yarışlarda oyunçular özlərini göstərmək və təcrübə toplamaq imkanı qazanırlar.
Sonda görüş iştirakçıları ilə xatirə şəkli çəkdirilib.