Türkiyəli mütəxəssis Şahin Çatma Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət komandalarına baş məşqçi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət komandalarının yeni baş məşqçisi müəyyənləşib. Hər iki yığma komandamız türkiyəli mütəxəssis Şahin Çatmaya tapşırılıb. Amma onunla müqavilənin müddəti və digər detallar açıqlanmayıb.
Qurumdan verilən məlumata görə, bu təyinatla əlaqədar iyunun 8-də saat 09:00-da təcrübəli mütəxəssisin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Voleybol Mərkəzində təşkil olunacaq mətbuat konfransında Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi də iştirak edəcək.
Xatırladaq ki, Şahin Çatma məşqçilik karyerası ərzində məhz qadın voleybolçulardan ibarət komandalarla işləyib. Son illərdə “Qalatasaray”ın aşağı yaş qrupları üzrə komandalarına nəzarət edən 63 yaşlı mütəxəssis xeyli müddət idi Azərbaycanda idi. O, Azərbaycan Voleybol Rederasiyasının rəhbərliyi ilə birgə Şimal-Qərb bölgəsinə səfər edib. Türkiyəli məşqçi Qəbələ, Oğuz və Şəkidə voleybolçu uşaqlarla görüşüb, seçimlər aparıb.
Şahin Çatmanın Türkiyədə çalışdırdığı komandaların siyahısını təqdim edirik:
Nilüfər Bələdiyəspor (2009/10 – 2011/12)
Türkiyə, U-18 millisi (2013 – 2013)
Bursa BBSK (2013/14 – 2014/15)
Salihli Bələdiyəspor (2015/16 – 2015/16)
Türkiyə, U-19 millisi (2018 – 2018)
Türkiyə, U-18 millisi (2019 – 2019)
Türkiyə, U-17 millisi (2020 – 2020)
Türkiyə, U-19 millisi (2020 – 2020)
Sonda onu da xatırladaq ki, daha əvvəl türkiyəli Ataman Güneyligil də Azərbaycanın əsas millisinin baş məşqçisi təyin olunmuşdu.