Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət milli komandalarının yeni baş məşqçisi Şahin Çatma ictimaiyyətə təqdim olunub.
Arena.az xəbər verir ki, milli komandalarımıza ötən gün yeni rəhbər təyin olunmuş türkiyəli mütəxəssisin iştirakı ilə bu gün mətbuat konfransı keçirilib.
Voleybol Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, vitse-prezidentler Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, federasiyanın digər əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Şahin Bağırov tədbiri açaraq qonaqları salamlayıb. Federasiyanın yeniyetmə və gənc voleybolçuların yetişdirilməsi istiqamətində həyata keçirdiyi işlərdən danışan qurum rəhbəri bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə türkiyəli mütəxəssis Şahin Çatmanın ölkəmizə dəvət olunduğunu bildirib. O, təcrübəli mütəxəssislə muqavilə imzalandığını və avqustdan bu işlərə start verəcəyini vurğulayıb. Həmçinin onun artıq paytaxtda və bölgələrdə bir sıra seleksiya işləri apardığını da əlavə edib.
Sonra Şahin Çatma çıxış edərək AVF rəhbərliyinə ona etimad göstərildiyinə görə təşəkkürünü bildirib. Ölkəmizdə daim uşaq voleyboluna diqqət ayrıldığını deyən türkiyəli mütəxəssis bu istiqamətin daha da inkişaf etdirilməsi üçün çalışacaqlarını bildirib.
Vitse-prezident Faiq Qarayev çıxış edərək Ş.Çatmayla Türkiyədə birgə çalışdıqlarını deyib, federasiyasının ölkəmizdə yeniyetmə və gənc voleybolçuların yetişdirilməsi işində onun böyük köməyi olacağına inandığını vurğulayıb, uğurlar arzulayıb.
Sonda jurnalistlərin sualları cavablandırılıb. Millimizin yeni baş məşqçisi yeniyetmə və gənc voleybolçuların yetişdirilməsi istiqamətində bu günə kimi Faiq Qarayevin rəhbərliyi ilə mühüm işlər görüldüyünü vurğulayıb. Ş.Çatma bu işlərin davam etdirilməsi və uğurlu nəticələrin əldə olunması üçün böyük səylə çalışacaqlarını əlavə edib. O, bu yolun asan olmayacağını, lakin birlikdə öhdəsindən gələrək voleybolda yeni nəslin inkişafına nail olunacağına əminliyini bildirib. Bu istiqamətdə fəaliyyətə avqustdan başlayacağını deyən Ş.Çatma Azərbaycan voleybolunun Avropa və dünya arenasında layiqli yer tutması üçün çalışacaqlarını vurğulayıb.
Millimizin yeni baş məşqçisi kimdir?
Xatırladaq ki, Ş.Çatma 2017-2021-ci illərdə Türkiyə Voleybol Federasiyasında aşağı yaş qruplarından ibarət qadın milli komandalar üzrə koordinator vəzifəsində çalışıb. “Qalatasaray”ın aşağı yaş qruplarına məsul olan 63 yaşlı mütəxəssis həm klub, həm də gənc milli komandalar səviyyəsində çoxsaylı nailiyətlər qazanıb.
Təcrübəli mütəxəssisin karyerası və nailiyyətləri:
Məşqçilik karyerası:
1995-1997, 1999-2008 Eskişehir Anadolu Universitetinin komandası, məşqçi
1995-1997 Türkiyənin U-16 millisi (Qadınlar), məşqçi
1997-1999 “Yeşilyurt” İdman klubu, məşqçi
2009-2013 Türkiyənin U-16 millisi (Qadınlar), məşqçi
2009-2012 “Nilüfer Belediyespor” (Qadınlar), baş məşqçi
2013 Türkiyənin U-18 millisi (Qadınlar), baş məşqçi
2013-2015 “Bursa BBSK” (Qadınlar), köməkçi məşqçi
2016-2017 “Salihli Belediyespor” (Qadınlar), baş məşqçi
2018 Türkiyənin U-19 millisi (Qadınlar), baş məşqçi
2019 Türkiyənin U-18 millisi (Qadınlar), baş məşqçi
2020 Türkiyənin U-17 millisi (Qadınlar), köməkçi məşqçi
2020 Türkiyənin U-19 millisi (Qadınlar), baş məşqçi
Nailiyyətləri:
Milli komandalar ilə
2010 Türkiyənin U-16 millisi ilə Balkan çempionatında qızıl medal
2011 Türkiyənin U-16 millisi ilə Avropa Gənclərin Olimpiya Festivalında bürünc medal
2012 Türkiyənin U-16 millisi ilə Balkan çempionatında qızıl medal
2012-2013 Türkiyənin U-18 millisi ilə Avropa çempionatında bürünc medal
2013 Türkiyənin U-16 millisi ilə Avropa çempionatında qızıl medal
2017-2018 Türkiyənin U-19 millisi ilə Balkan çempionatında gümüş medal
2018-2019 Türkiyənin U-18 millisi ilə Balkan çempionatında qızıl medal
2018-2019 Türkiyənin U-18 millisi ilə Avropa Gənclərin Olimpiya Festivalında bürünc medal
2019 Türkiyənin U-16 millisi ilə Avropa çempionatında qızıl medal
2020 Türkiyənin U-19 millisi ilə Avropa çempionatında qızıl medal
2020 Türkiyənin U-19 millisi ilə Balkan çempionatında gümüş medal
2020 Türkiyənin U-17 millisi ilə Avropa çempionatında gümüş medal
Klublar ilə
Türkiyə Kuboku
2009-2010 “Nilüfer Belediyespor” klubu ilə bürünc medalı
2010-2011 “Nilüfer Belediyespor” klubu ilə gümüş medalı
Balkan kuboku
2010-2011 “Nilüfer Belediyespor” klubu ilə qızıl medal
Challenge Cup
2014-2015 “Bursa BBSK” klubu ilə qızıl medal