“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 2:2 hesabı ilə başa çatan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Qarşılıqlı hücumlar şəraitində keçən gərgin qarşılaşma izlədik. Tək qolların deyil, qol epizodlarının da sayı kifayət qədər çox idi. Standart vəziyyətləri çıxmaq şərti ilə komandam 2 hissə dominant futbol oynadı. Topa nəzarət bizim tərəfimizdə idi. Hücumlar zamanı cinah müdafiəçiləri də irəli atılırdı. Lakin problem o idi ki, bu gün hücumçusuz, iki pleymeykerlə oynayırdıq. Hesabda 2 top fərqi ilə geri düşsək də, komanda xarakter göstərdi, geridönüş edə bildik. “Turan Tovuz” son vaxtlar əla çıxış edir. Qorxduğumuz başımıza gəldi. Standart vəziyyətdən qapımızda erkən qol gördük. Hər iki hissənin ilk 5 dəqiqəsi bizim üçün uğursuz oldu. Soyuqqanlılıq çatışmadı, qapıçı və müdafiəçilər düzgün oynamadılar. Lakin ruhdan düşmədik. Məncə, hesab oyuna görədir. Baxmayaraq ki, hər iki komanda bu gün qalib də gələ bilərdi”.
Şahin Diniyev komandası Premyer Liqanı tərk edəcəyi halda “Səbail”də qalıb-qalmayacağı barədə sualı belə cavablandırıb: “Heç vaxt qərar verməyə tələsmək lazım deyil. İnsan gərək dediyi sözün arxasında dura. Uşaq deyilik. Mən də “heç vaxt heç vaxt demə” psinsipi ilə işləyən insanam. Sabah nə olacağını bilmirəm. Təbii ki, ilk növbədə məqsəd Premyer Liqada qalmaqdır. Yox, bu baş verməsə, hansı addım atacağımı bilmirəm. Hələ bu barədə düşünməmişəm”.
“Həmin oyunda hər şey ədalətli olmalıdır”
“Dənizçilər”in çalışdırıcısı 17 tur ərzində VAR-da komandasının lehinə ilk dəfə qərar verilməsindən də söz açıb: “17 oyunda bəlkə 12-14 dəfə VAR-a baxılıb və heç bir halda bizim lehimizə olan yekun qərar qəbul edilməyib. Ona görə də bu matçda hakim VAR-a gedəndə heç epizoda baxmadım. Bilirdim ki, bizim xeyrimizə olacaq qərar qəbul olunmayacaq. Sanki VAR bizim üçün lənətlənib. Burda söhbət qərarın səhv, ya düz olmasından getmir. Əleyhimizə olan səhv qərarlar çoxdur. Son turda “Şamaxı” ilə görüşümüz həlledicidir. Bu matçda 1 nəfərin deyil, bütün komandanın, cameənin taleyi həll olunacaq. O matçda səhvlər bağışlanmayacaq. Ona görə də elə sizin vasitənizlə Hakimlər Komitəsindən xahiş edirəm ki, bu matça ciddi yanaşsınlar. VAR-da hər incə məqama diqqət edilməlidir. Çünki bu görüşdə 2 komandanın yox, 2 böyük ailənin taleyi həll olunacaq. Bu səbəbdən də hər şey ədalətli olmalıdır. Düşünürəm ki, belə də olacaq”.
Diniyev hakimlərin “Səbail”ə kömək etməsi barədə deyilənlərlə də razılaşmayıb: “Sizə 17 epizod verərəm, baxarsız, görün hakimlər bizə kömək edir, ya yox. Bizim futbolçularımıza 12 dəfə qırmızı vərəqə göstərilir. Kömək buna deyirsiz? AFFA məni hansısa komandaya təyin etsəydi, 7 il əvvəl işləyərdim”.
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə məhsuldar heç-heçəni belə şərh edib:
“Azarkeşlərimiz qarşısında evdə son oyunumuz idi. Həmişə onların dəstəyini görmüşük. Qələbə qazanıb onlara hədiyyə etmək istəyirdik. Amma alınmadı. Əsas odur ki, məğlubiyətsizlik seriyamızı davam etdirdik. Oyun istədiyimiz kimi alındı. Qollarımızı vurduq, imkanlarımız oldu. Bir az yorğunluq var idi. Kamal Bayramov zədəli halda oynadı. Yenə də oyun baxımından artırmaq istəyirik. Bu il əsas məqsədimiz Premyer Liqada qalmaq idi. Sevindirici haldır ki, ilk turlardan 6-cı pillədən aşağı enmədik. Oyunlar var idi ki, yuxarı pillələrə qalxa bilərdik. Lakin təcrübəsizlik bizə imkan vermədi. Bu da bizim üçün bir təcrübə oldu. Bu mövsüm ilk idi. İnanıram ki, ilk mövsüm bizim üçün pis keçmədi. Gələcəkdə daha çətin olacaq, rəqiblər güclənəcək. Gərək biz də güclənək. Son oyunumuz qalıb. Onu da başa vurub, istirahətə yollanacağıq. Ondan sonra yeni mövsümün planları üzərində işləyəcəyik”.