“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 31-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri görüşdən sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularıma təşəkkür edirəm ki, intizamı pozmadılar. Səhvsiz oynadıq. Çətin matç idi – futbol baxımından yox, psixoloji baxımdan. Futbolçuların üzərində böyük təzyiq var idi. Neçə tur idi ki, qələbə qazana bilmirdik. Avrokuboklar mübarizəsindən düşmə zonasındaydıq. Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər. Gərginlik var idi. Yolumuza davam edirik. Çətin oyunlar bizi gözləyir. Çalışacağıq ki, yaxşı nəticələr qazanaq. Uğurlu nəticələr qazanmaq istəyirik.
Ağabala Ramazanovu da geri qayıtdığı üçün təbrik etmək istəyirəm. Onun meydana daxil olması futboldan çox vəziyyətə mənəvi yanaşma idi. Düzdür, hazır deyil. Amma Ağabala ölümlə həyat arasında çarpışan biri idi. Onu futbola qaytardıq.
Şahin Diniyev növbəti turda “Sabah”a qarşı keçirəcəkləri oyundan və komandasının potensialından da danışıb:
“Sabah”la qarşılaşma altı xallıq oyundur. Tamam və davam oyunlarından biridir. Futbol proqnozu sevmir. Anlayırıq ki, çox vacib oyundur. “Səbail” son matça qədər döyüşəcək. Funksional hazırlığı yaxşı olan komandalardanıq. Komandanın gücünə, potensialına inanıram. Komandam pik nöqtədə olmasa da, yaxşıdır. Heyətimiz sona qədər mübarizə aparmaq üçün yetərlidir. Bizim ən çox rotasiya etdiyimiz mövqe müdafiənin mərkəzidir. Səhvləri minimuma endirmək istəyirik. Futbolçuları son həftədəki məşqlərə görə seçmişdim. 49 qol buraxmışıqsa, 30-a yaxını fərdi səhvlərə görədir. Yeni komandayıq, bunlar olmalıdır”.
“Bərabər səviyyəli oyun getdi” – Elmar Baxşıyev
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Bərabər səviyyəli oyun getdi. Çoxlu hücum etdik, sadəcə son nöqtəni qoymaqda çətinlik çəkirik. Oyun planında komandaya etirazım yoxdur. Komanda hücum planında istədiyimi meydanda verməyə çalışırdı. Düzələsi bəzi elementlər var ki, komanda olaraq onların üzərində məşq prosesində çalışırıq”.