Şahin Diniyev: “Onları pulsuz icarəyə verməyə hazırıq”

“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Kubokunun 1/8 finalında “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 6:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hesab 6:0 olsa da, asan qələbə deyildi. Belə oyunlar çox çətindir. Motivasiya tam başqa olur. Futbolçuları aşağı liqa komandalarına qarşı oyuna kökləmək çox çətindir. Psixoloji cəhətdən özlərini yuxarıda hiss edirlər. Oyunçulara başa saldıq ki, “Şamaxı” yaxşı komandadır, yüksək səviyyəli oyunçuları var. Şadam ki, futbolçularım bunu anladılar və oyuna ciddi yanaşdılar. Bizim də problemlərimiz böyükdür. Əsas heyətin 7-8 futbolçusu yoxdur. Bu, kiçik komanda üçün böyük itkidir. Bu il bir oyunumuz qalıb. Sıx qrafikdəyik. Çalışdım ki, heç bir futbolçu oyun ritmindən düşməsin. Bərpa olunmaq üçün vaxtımız da yoxdur. Son turda da uğurlu çıxış etməyə çalışacağıq. “Sumqayıt” ayın 18-də oynamışdı, biz bu gün oynadıq. Üç gündən sonra matç var. Çempionatın axırıdır, hər bir futbolçuda çemodan əhval-ruhiyyəsi var. Bu gün bizim heyətdə üç gənc futbolçu var idi. Onlar həyəcanlı idilər, başa düşürəm. Sıxmaq da istəmirəm. Oyunları alınmadıqca, “Şamaxı” oyunu ələ almağa çalışırdı. Amma komandamızda təcrübəlilər var”.

Şahin Diniyev gənc futbolçularından bəzilərini aşağı liqa klublarına icarəyə verməyin əleyhinə olmadıqlarını da dilə gətirib:

“Birinci Liqa ilə əvəzedicilərin yarışında fərq var. Orada kişi futboludur, böyüklərin oyunudur. Futbolçularımız kiməsə lazım olarsa, pulsuz icarəyə verməyə hazırıq. Hətta pulunu özümüz ödəyərək belə, verə bilərik ki, oyunçularımız inkişaf etsinlər. Komandayıq. Amma kluba çevrilmək istəyiriksə, öz yetirmələrimizə diqqət etməli və onların inkişafı üçün hər şeyi etməliyik”.

“Sübut edəcəyik ki, Azərbaycanda futbolçu da var, məşqçi də”

“Şamaxı”nın baş məşqçisi Ramiz Məmmədov isə darmadağını belə şərh edib:

“Oyunun gərgin keçəcəyini gözləyirdik. Premyer Liqa klubuna qarşı oynayırdıq. “Səbail”in güclü olduğunu bilirdik. Sürətli, texnikalı futbolçuları çoxdur. İlk yarıda aparıcı oyunçulara istirahət vermişdilər, gücü ikinci hissəyə saxlamışdılar. Futbolçular verdiyimiz tapşırıqları yerinə yetirə bilmədilər. Təcrübəsizliklərini göstərdilər. Buna baxmayaraq, komandamın oyunundan heç bir narazılıq yoxdur. Bizim məqsədimiz bəllidir, Premyer Liqaya vəsiqə qazanmaq istəyirik. İşimiz də bu yöndə gedir. MOİK-lə oyundan sonra komandamızda yeni adlar görəcəyik. Güclənməyə ehtiyac var. “Səbail”ə də gələcək oyunlarda uğurlar arzu edirəm. Məqsədimiz azərbaycanlı futbolçularla yolumuza davam etməkdir. “Səbail”i izləyəcəyik. Hansısa mövqeyə istədiyimiz oyunçu olarsa, Şahin müəllimlə danışacağıq və həmin oyunçunu komandamıza cəlb edəcəyik. İnanıram ki, azərbaycanlılarla birinci liqada çempion olub, Premyer Liqaya qayıdacağıq. Sübut edəcəyik ki, Azərbaycanda futbolçu da var, məşqçi də. Sadəcə, Azərbaycanda infrastrukturu düzgün qurmalıyıq ki, həmin futbolçular yetişsin. Biz onlara şərait yaratmalıyıq”.