Şahin Diniyev: “Səbail” gələn mövsüm iddialı olacaq”

“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqada mövsümün son (36-cı) turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“27 ildir baş məşqçi işləyirəm. Həyatımda ən gərgin, çətin oyun oldu. Doğrudur, çətinliklərə öyrəşmişəm. “Səbail” camiəsinə, akademiyadakı uşaqlara görə ürəyim ağrıyırdı. Çətin günümüzdə də birlikdə olmuşuq. Çiynimdə yük çox idi.

İçimdə bir söz var, deyəcəm. “Şamaxı”nın Birinci Diviziona düşməsi Azərbaycan futboluna vurulan ən böyük zərbə olacaq. Reqlament varsa, hər üç liqada olmalıdır. Elədirsə, Birinci Diviziondakı sonuncu komanda niyə Region Liqasına düşmür? Demək ki, idman prinsipi pozulur. Cavid Hüseynov yaxşı komanda hazırlayıb. Çempionatda rəqabət var idi. Onlar üçün nələr etmişdilər. Çətin olacaq. İdman prinsipi, eyni reqlament üç liqada da varsa, aydındır. Amma idman prinsipi təkcə Premyer Liqa üçündür? “Şamaxı” çox yaxşı komandadır. Futbolumuzun inkişafını istəyiriksə, hərdən nəyəsə göz yummalıyıq. Guya “Turan Tovuz” və “Kəpəz” ötən mövsüm neçənci yeri tutub elitaya gəldilər? Onda idman prinsipi yada düşmürdü. “Şamaxı”nın gedişi ilə Azərbaycan futboluna ziyan vurduq.

“Səbail”ə gəlincə, bu komandanı mən yığmamışdım. Amma komanda Premyer Liqanı tərk etsəydi, Mahmud Qurbanov yox, mən cavabdeh olacaqdım. Dəyişiklik etməyə gücümüz çatmadı. Maddi cəhətdən demirəm. Cəmi üç futbolçu götürmüşdüm. Onlar da etimadımızı doğrultdu. Birinci dövrədə “Səbail” 10 xal yığmışdı, ikinci dövrədə isə 19 xal toplamışıq. Bunu ilk dövrədə etsəydik, necə olacaqdı? Günahı kiminsə üstünə atmıram. Komandam oyun sarıdan heç kimə uduzmayıb. Yalnız fərdi səhvlər həlledici rol oynayırdı. Təsəvvür edin, “Qarabağ” 71 dəqiqə qapımıza yol tapa bilmədi. Sistemin oturuşması üçün vaxt lazımdır. O da yox idi”.

“7000 manatlıq mükafat alacağıq”

Şahin Diniyev “Səbail”dən getmək haqda düşünmədiyini də dilə gətirib: “Yeni gəlmişik, hara gedirik? Oyundan sonra prezidentimiz Rauf Əliyev Almaniyadan zəng edərək, mənimlə danışdı. Yeni mövsümdən iddialı “Səbail” görəcəyik. Belə sponsorları qaçırmaq, küsdürmək olmaz. İki gündən sonra görüşümüz olacaq. Söz verirəm ki, iddialı, avrokuboklar uğrunda mübarizə aparan “Səbail” görəcəksiz. Elitada qalmaq üçün qabaqcadan 5 min mükafat təyin olunmuşdu. Rauf Əliyevdən xahiş etdim ki, 2 min manat da artırsın. 7000 manatlıq mükafat alacağıq.

Növbəti mövsüm üçün heyətə gəlincə, gərək əvvəlcə sponsorla danışım. Büdcəyə uyğun futbolçu götürəcəyik. İddialı olacağıqsa, mütləq dəyişəcəyik. 100 faiz dəyişiklik olmayacaq. 50 faizdən çox futbolçu qalacaq. Ağır da olsa, addım atmalıyıq. Bir çox futbolçu qalacaq”.

“Futbolçularımıza iddialı klublardan təkliflər var”

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli isə məğlubiyyətlə bağlı bunları dilə gətirib:

“Bugünkü vəziyyətdə danışmağa dəyməz. Son tura qədər intriqanı saxlamışdıq. Heç kimin tanıdığı futbolçularla bunu etmişdik. Bu gün layiqli mübarizə apardıq. Azarkeşlərə təşəkkür edirik. Bizi tək qoymadılar. Mövsümün əvvəlindən futbol mütəxəssisləri təcrübəsiz futbolçular və gənc məşqçilərə görə, “Şamaxı”ya autsayder gözü ilə baxırdı. Təəssüf ki, Premyer Liqanı tərk etdik. “Səbail”ə uğurlar arzulayıram.

Bizə gənc futbolçularla işləmək nəsib oldu. Çünki təcrübəli və legionerlərlə işləmək asandır. Bizim üçün uzun yol oldu. Məşqçi kimi Cavid Hüseynovla ilk işimiz idi. Buradakı səhvlərimizi gələcəkdə etməməliyik. Ən böyük problemimiz qol vura bilməmək idi. Yəqin ki, gələcəkdə çalışdığımız klublarda təcrübəli və legioner oyunçular almaq istəyəcəyik. “Şamaxı” çətin yolu seçmişdi. Gənclərlə belə məğlubiyyətlər gözlənilən idi. Səhv yolu seçməmişdik. Artıq futbolçularımıza iddialı klublardan təkliflər var. Bu da futbolumuz üçün xeyirlidir”.