Şahmat: Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq

Qadınlardan ibarət Azərbaycan millisi Ümumdünya Şahmat Olimpiadasının qalibi olan Gürcüstan yığmasıyla yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, qadın şahmatçılardan ibarət Azərbaycan millisi bu gün Gürcüstana yollanıb. Səfərdə məqsəd dəfələrlə Ümumdünya Şahmat Olimpiadasının qalibi olmuş Gürcüstan yığmasıyla yoldaşlıq görüşü keçirməkdir.

Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət Azərbaycan millisi 26 fevral – 2 mart tarixlərində yoldaşlıq görüşündə iştirak edəcək. Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaqlar.

Qeyd edək ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanacaq.

Yoldaşlıq görüşü qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidi.