Şahmat üzrə qadınlardan ibarət Azərbaycan millisi Tiflis şəhərində Gürcüstan yığma komandası ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Arena.az xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığmamız bu gün beşinci görüşə çıxıb.
Bu komandalar 5-ci turda da heç-heçə ilə kifayətləniblər. Hesabat turunda üç şahmatçımız ağlarla, iki şahmatçımız isə qara fiqurlarla çıxış edib. Görüşün üç partiyası heç-heçə başa çatıb. Azərbaycan millisində Günay Məmmədzadə 5-ci turda qələbə qazanıb. Ülviyyə Fətəliyeva isə son turu məğlub başa vurub. Bu üzdən də yoldaşlıq görüşündə son tur 2,5-2,5 hesabıyla yekunlaşıb.
Reqlamentə əsasən şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparıblar. Yekunda ümumi xal toplanaraq yoldaşlıq görüşündə 12,5-12,5 hesablı heç-heçə qeydə alınıb.
Tiflisdə keçirilən yoldaşlıq görüşünün müxtəlif turlarında qonaq olan Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nın vitse-prezidenti Mahir Məmmədov, Gürsüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvili və Avropa Şahmat İttifaqının rəhbəri Zurab Azmayparaşvili şahmatçılara uğurlar arzu ediblər. Onlar belə qarşılaşmaların şahmatçıların yüksək oyun formasını qorumasına kömək etdiyini bildiriblər.
Qeyd edək ki, Gürcüstan millisi Ümumdünya Şahmat Olimpiadasının dördqat qalibidir. Qonşu ölkənin qadın şahmatçılardan ibarət seçməsi milli komandalar arasında dünya və Avropa çempionatının qızıl medalçısıdır. Yoldaşlıq görüşündə iştirak edən Gürcüstan komandası 2433 orta reytinq xalına malikdir. Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının orta reytinq xalı isə 2382-dir.
Yoldaşlıq görüşü rəsmi xarakter daşıyırdı. Nəticələr FIDE reytinqində nəzərə alınacaq.