Şahmat millimiz DÇ-də finala yüksəldi!

Şahmat üzrə qadınlardan ibarət Azərbaycan millisi İspaniyanın Linares şəhərində keçirilən dünya çempionatında çıxışını davam etdirir.

Arena.az xəbər verir ki, millimiz yarımfinalda Qazaxıstan yığma komandası ilə qarşılaşıb.

Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət komandamız yarımfinalda da uğur qazanmağı bacarıb.

Komandalar iki qarşılaşma keçiriblər. Hər iki görüş 2:2 hesabı ilə bitib. Qalıb bəlli olmadığı üçün finala yüksələn komanda taybrekdə bəlli olub. Azərbaycan komandası taybrekdə 3:1 hesabı ilə qalib gələrək finala yüksəlib.

Finalda şahmatçılarımızın rəqibi FIDE komandası olacaq.

Xatırladaq ki, qrup mərhələsində Azərbaycan milli komandası Peru (3:1) və İspaniyanı (3,5:0,5) məğlub etsə də, Qazaxıstan (1,5:2,5), ABŞ (0,5:3,5) və FİDE komandasına (1:3) məğlub olmuşdu. Topladığı 4 xalla A qrupunda dördüncü olmuş millimiz nu nəticə ilə 1/4 finala vəsiqə qazanmışdı. Azərbaycanlı xanımlar bu mərhələdə də Gürcüstan komandasını 2,5-1,5 hesabı ilə üstələmişdilər.

Şahmat üzrə dünya çempionatı noyabrın 23-də başa çatacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: