Şahmat üzrə qadınlardan ibarət Azərbaycan millisi İspaniyanın Linares şəhərində keçirilən dünya çempionatında çıxışını davam etdirir.
Arena.az xəbər verir ki, millimiz 1/4 finalda Gürcüstan yığma komandası ilə qarşılaşıb.
Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət komandamız Gürcüstan komandasını 2,5-1,5 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Yeganə qələbəni Gövhər Beydullayeva qazanıb. Fətəliyeva, Balacayeva və Məmmədova isə heç-heçə ediblər.
Xatırladaq ki, qrup mərhələsində Azərbaycan milli komandası Peru (3:1) və İspaniyanı (3,5:0,5) məğlub etsə də, Qazaxıstan (1,5:2,5), ABŞ (0,5:3,5) və FİDE komandasına (1:3) məğlub olmuşdu. Topladığı 4 xalla A qrupunda dördüncü olmuş millimiz nu nəticə ilə 1/4 finala vəsiqə qazanmışdı.
Şahmat üzrə dünya çempionatı noyabrın 23-də başa çatacaq.


