Şahmat: Millimiz ikinci görüşdə Gürcüstana məğlub oldu

Şahmat üzrə qadınlardan ibarət Azərbaycan millisi Tiflisdə Gürcüstan yığma komandası ilə yoldaşlıq görüşündə iştirak edir.

Arena.az xəbər verir ki, bu gün sözügedən komandalar ikinci görüşlərini keçiriblər.

Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığmamız 2-ci turda qara fiqurlarla mübarizə aparıb. Turun açılışında Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov çıxış edib, ardınca isə simvollik olaraq ilk gedişi yerinə yetirib.

2-ci turda dörd partiya bərabərliklə yekunlaşıb. Bir partiyada Nino Baciaşvili şahmatçımız Ülviyyə Fətəliyevadan üstün olub.

Reqlamentə əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq. Yekunda ümumi xallar toplanaraq yoldaşlıq görüşünün nəticəsi elan olunacaq.

Xatırladaq ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqində hesablanır. Yoldaşlıq görüşü millinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.

Bu komandalar arasında ötən gün baş tutan ilk görüşdə heç-heçə qeydə alınmışdı.