Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 26-cı tur çərçivəsində səfərdə “Alanyaspor” ilə qarşılaşıb.
Şahruddinin komandası bu oyundan heç-heçə ilə ilə ayrılıb – 3:3. Məhəmmədəliyev bu görüşə start heyətdə başlayıb və fasilədə, hesab 0:2 olarkən əvəzlənib. Onun fasilədə əvəzlənməsinə ikinci qolda kobud səhvə yol verməsi səbəb olub. Əvvəlki oyunlarda da müxtəlif səhvlərə yol verən Şahruddinin bu dəfəki qəbahəti bağışlanmayıb.
“Adana Dəmirspor” bu heç-heçədən sonra 32 xalla 20 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. “Alanyaspor” isə 29 xalla 15-cidir. Şahruddinin komandası artıq 9 oyundur (kubok görüşünü də nəzərə alsaq, 10 oyun) qələbə qazana bilmir. Komanda bu müddətdə 4 məğlubiyyətə üzülüb, 5 heç-heçə edib.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da indiyə qədər 14 matça çıxıb, 23 qol buraxıb, cəmi 2 “quru” matç keçirib.