Şahruddin Məhəmmədəliyev daha 3 il “Qarabağ”da!

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyev ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 28 yaşlı qolkiperin yeni sözləşməsinin müddəti 2026-cı il iyunun 30-dək nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu ilin 30 iyununda bitəcəkdi.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”da çıxış edir. O, Ağdam klubunun heyətində 121 oyun keçirib. “Şah” ləqəbli futbolçu Azərbaycan millisinin də əsas qapıçısıdır. O, yığmada da 17 oyuna çıxıb. Təcrübəli qolkiper “Qarabağ”dan öncə Qusar “Şahdağ”ında və “Sumqayıt”da da forma geyinib.