Şahruddin Məhəmmədəliyevin komandası 1/16 finalda dayandı

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Türkiyə Kubokunun 1/16 final mərhələsi çərçivəsində aşağı liqa təmsilçisi “Ərzincanspor”la qarşılaşıb.

Super Liqa təmsilçisi bu rəqiblə görüşün ilk hissəsini qolsuz başa vurub. İkinci hissənin 65 və 77-ci dəqiqələrində iki qol buraxan Adana klubu məğlubiyyətdən 89 və 90+2-ci dəqiqələrdə vurulan qollar sayəsində qurtula bilib. Əlavə yarım saatda hesab dəyişməyib. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən ərzincanlılar böyük sürprizə imza ataraq “Adana Dəmirspor”u Türkiyə Kubokundan kənarlaşdırıblar – 7:6.

Məhəmmədəliyev bu görüşün iştirakçısı olmayıb. Əsas heyətin bəzi aparıcı üzvləri kimi, azərbaycanlı qapıçının da adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da cəmi 7 matç keçirib.