Şahruddin “Pendikspor”a qarşı 90 dəqiqə oynadı, 2 qola üzüldü

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 24-cü tur çərçivəsində səfərdə “Pendikspor”la qarşılaşıb.

Şahruddinin komandası bu oyundan məğlubiyyətlə ilə ayrılıb – 1:2. Məhəmmədəliyev bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.

“Adana Dəmirspor” bu məğlubiyyətdən sonra 31 xalla 20 iştirakçı arasında 9-cu pilləyə yuvarlanıb. “Pendikspor” isə 26 xalla 16-cı sırayü yüksəlib. Şahruddinin komandası artıq 7 oyundur (kubok görüşünü də nəzərə alsaq, 8 oyun) qələbə qazana bilmir. Komanda bu müddətdə 3 məğlubiyyətə üzülüb, 4 heç-heçə edib.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da indiyə qədər 12 matça çıxıb, 18 qol buraxıb, 2 “quru” matç keçirib.