Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 28-ci tur çərçivəsində evdə “Fatih Karagümrük”lə qarşılaşıb.
Şahruddinin komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Bu, Adana təmsilçisinin 10 turdan sonra gələn ilk qələbəsidir. Kuboku da nəzərə alsaq, Məhəmmədəliyevin komandası 11 görüş idi qələbəyə həsrət idi.
“Adana Dəmirspor” bu qələbədən sonra 35 xalla 20 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. “Fatih Karagümrük” isə 29 xalla 16-cıdır.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da indiyə qədər 16 matça çıxıb, 24 qol buraxıb, 3 “quru” matç keçirib.