“Liverpul”un misirli ulduz hücumçusu Məhəmməd Salah maraqlı açıqlaması ilə futbol ictimaiyyətinin diqqətini çəkib.
Arena.az “Sky Sport Germany” dərgisinə istinadən məlmat verir ki, sağ cinah hücumçusu Məhəmməd Salah, “Mançester Siti”nin norveçli mərkəz hücumçusu, “qolçu vikinq” Erlinq Halandla müqayisə edilməsinə münasibətini açıqlayıb:
“Mənim ona böyük hörmətim var. Ola bilsin ki, biz oyun başa çatdıqdan sonra bir-birimizlə ancaq bircə dəfə söhbətləşmişik. Amma o, mərkəz hücumçusudur, ona görə də onun həyatı asandır. Əlbəttə ki, mən ona ən yaxşısını diləyirəm. Amma Halandın həyatı daha asandır, axı o, mərkəz hücumçusu mövqeyində oynayır. Cinah hücumçusu olaraq oynayıb bu qədər qol vurmaq isə kifayət qədər çətindir. Bunu sizə istənilən hücumçu təsdiqləyə bilər. Bax, elə, bu səbəbdən də mən bizim müqayisəmizə fərqli baxıram, axı o, mərkəz hücumçusu, mən isə – cinah hücumçusuyam”, deyə Salah vurğulayıb.
Xatırladaq ki, Salah İngiltərə Premyer Liqasının cari mövsümünün 24 qolla ən sərrast qolçusudur. Misirli ulduzun hesabında həmçinin 15 məhsular ötürmə var və Salah bu göstəricidə də Premyer Liqanın cari mövsümünün ən öncül futbolçusudur. Salah həmçinin qol və məhsular ötürmələrin cəmi (24+15) üzrə 49 xalla Premyer Liqanın cari mövsümünün ən səmərəli futbolçusudur.
Erlinq Haland isə 19 qolla Premyer Liqanın ən sərrast qolçularının yarışında 2-ci pillədə qərarlaşıb. “Qolçu vikinq”in hesabında cəmi 3 məhsuldar ötürmə var.
Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib.
Salahın “Liverpul”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Misirli futbolçunun cari mövsümün sonunda İngiltərə klubundan ayrılması haqda şayiələr dolaşır.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 29 qol vurub, 20 məhsuldar ötürmə verib.
Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 386 oyun, 240 qol, 108 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub və 33 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.