Misir yığması, ulduz hücumçusu Məhəmməd Salaha keyfiyyətsiz meydanda oynamamaq icazəsi verib və klubu “Luverpul”a qayıtmasına razı olub.
Arena.az “Daily Mail” nəşrinə istinadən məlumat verir ki, bu, Misir yığmasının Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Mavritaniya yığmasına qarşı keçirdiyi oyuna (2:0) təsadüf edib.
Buna rəğmən, Salah oyuna çıxıb və “fironlar”ın qələbəsinə vurduğu qolla töhfəsini verib.
“Əgər futbolçulardan biri məndən süni örtüklü meydanda oynamamağını xahiş etsə, mən onu üzüyola qarşılayacağam. Mavritaniya yığması əzmkar oynayır və aqressiv üsullardan istifadə edirdi. Bundan əlavə, sahə ən keyfiyyətli səviyyədə deyildi. Əgər Salah da məndən konkret olaraq buna bənzər bir xüsusu xahiş etsə, mən də razılaşaram”, deyə Misir yığmasının baş məşqçisi, misirli mütəxəssis Husam Həsən bildirib.
Məhəmməd Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkmişdi. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 10 oyuna 6 qol vurub, 5 məhsuldar ötürmə verib. Misirli hücumçunun “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 359 oyun, 217 qol, 94 məhsuldar ötürmə.
Misirli ulduz hücumçu “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Salah “Liverpul” və “Roma”dan başqa, “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 57 qol vurub, 33 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı misirli cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


