Saleh Məmmədov yenidən Həndbol Federasiyasının prezidenti seçildi

Bu gün Azərbaycan Həndbol Federasiyasının (AHF) ümumi yığıncağı keçirilib. Arena.az xəbər verir ki, tədbirdə əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Azərbaycan Həndbol Federasiyasının son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Saleh Məmmədov yenidən Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib.

Yığıncaqda həmçinin Orxan Abbasov və Rəfiqə Şabanova federasiyanın vitse-prezidentlər seçiliblər. Konfransda Həndbol Federasiyası İdarə Heyətinə də seçkilər keçirilib. İsgəndər Əsgərov, Ernest Ağakişi, Vaqif Əliyev, Ələkbər Ağakişiyev, Lyudmila Şubina və Vidadi Əliyev İdarə Heyətinə üzv seçiliblər.

Tədbirdə Milli Olimpiya Komitəsinin prezidenti Çingiz Hüseynzadə çıxış edib. Yığıncaqdan sonra federasiya prezidenti Saleh Məmmədov jurnalistlərin suallarını cavablandırıb. O, öncə bunları söyləyib:

“Həndbolla məşğul olanlar bilməlidir ki, Azərbaycanda ilk dəfə həndbol komandası 1955-ci ildə yaradılıb. Həmin vaxt ölkədə qadınlar bu növlə məşğul olmayıb. Azərbaycanda görkəmli kişi həndbolçular olub. Onlar həmişə uğurlar qazanıb. Bu gün ölkədə 6 kişi, 4 qadın komandası var.

Azərbaycan həndbolunda ilk qızıl medal mənim federasiyaya rəhbərlik etdiyim dönəmdə olub. Bu, Bakıdakı İslam Həmrəyliyi Oyunlarında gerçəkləşib. Türkiyənin Konya şəhərində keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarında da medalçılar sırasına düşmək istəyirik.

Azərbaycan çempionatına gəlincə, idman yarışlarının və təlim məşq-toplanışının keçirilməsinə icazə verilsə, turnir baş tutacaq. Bu barədə məlumat verəcəyik. Yarışın mart-apreldə başlaması nəzərdə tutulur”.

Xatırladaq ki, Saleh Məmmədov 2016-cı il dekabrın 1-dən Azərbaycan Həndbol Federasiyasına rəhbərik edir.