“Şalke” milli üzvü ilə gücləndi

Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Brest” klubunun mərkəz müdafiəçisi Jere Uroneni icarəyə götürüb.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Finlandiyadan olan 28 yaşlı futbolçunun bu mövsümün sonunadək Bundesliqa təmsilçisinin uğurları üçün çalışacağı diqqətə çatdırılıb. Amma tərəflər arasındakı müqavilədə satınalma ilə də bağlı şərt var. Bu üzdən Almaniya klubu yayda Uroneni birdəfəlik transfer etmək hüququna da malik olacaq. “Şalke” bunun üçün ən azı 1 milyon avro ödəməlidir.

Jere Uronen 2021-ci ilin iyul ayından “Brest”də forma geyinirdi. O, bu komandanın heyətində cəmi 23 matça çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub. Finlandiya millisinin üzvü TPS, AİFK, “Helsinqborq” və “Genk”də də forma geyinib. O, Finlandiya milli komandasında 61 oyunda meydana çıxıb və 1 qol vurub.

Yeri gəlmişkən, “Brest” qapıçısı Qotye Larsonneni də “Sent Etyen” klubuna satıb. Liqa 1 təmsilçisi bu transferdən 1.6 milyon avro qazanc əldə edib. Larsonne yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb.

Fransadan olan qapıçı “Brest”in öz yetirməsidir. 25 yaşlı futbolçu bu klubun əsas komandasında 141 oyun keçirib. Bu mövsümün əvvəlində isə o, “Valensyen” klubuna icarəyə verilmişdi.