“Şamaxı” “Cəbrayıl”la yoxlama oyunu keçirəcək

Premyer Liqada 2024/2025 mövsümü öncəsi hazırlığını davam etdirən “Şamaxı” komandası daha bir yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, elita təmsilçisi ötən mövsümü İkinci Liqada keçirmiş “Cəbrayıl”la qarşılaşacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, yay təlim-məşq toplanışını davam etdirən komanda üçüncü yoxlama oyununu iyulun 23-də “Cəbrayıl”a qarşı keçirəcək. Şamaxı şəhər stadionunda baş tutacaq oyuna saat 18:00-da start veriləcək.

Xatırladaq ki, “Şamaxı” yay təlim-məşq toplanışındakı ilk iki yoxlama oyununda “Kəpəz”ə 2:1, “Pelikan”a isə 5:0 hesabı ilə qalib gəlib.

Yenidən Premyer Liqaya qayıdan şamaxılıları Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün açılış turunda “Sabah”la oyun gözləyir. Avqustun 4-də Şamaxıda keçiriləcək bu oyuna saat 17:30-da start veriləcək.