2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanmış “Şamaxı” Futbol Klubunun İdarə heyətinin iclası keçirilib.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, iclasda bir sıra qərarlar qəbul edilib. Əvvəlcə geridə qalan mövsümdə komandanın Birinci Liqada çempion olmasında baş məşqçi kimi verdiyi tövhəyə görə Ramiz Məmmədova idarə heyətinin üzvləri minnətdarlığını bildiriblər. Komandanın yenidən Premyer Liqaya qayıtmasında Məmmədovun böyük əməyinin olduğu qeyd edilib.
Müzakirələr nəticəsində Ramiz Məmmədovla yolların ayrılmasına qərar verilib. O, idarə heyətinin sədr müavini kimi fəaliyyətini davam etdirəcək. Baş məşqçi postuna başqa çalışdırıcının dəvət edilməsi qərara alınıb.
Xatırladaq ki, “Şamaxı” Birinci Liqanın 2023/2024 mövsümünü 57 xalla birinci pillədə – çempion kimi başa vurub. Komanda bir illik fasilədən sonra yenidən Premyer Liqada iştirak hüququ qazanıb.
Ramiz Məmmədov 2023-cü ilin noyabr ayından “Şamaxı”nın müvəqqəti baş məşqçisi təyin edilmişdi.