Samir Əliyev: “Futbolçuları Ukrayna ilə oyuna hazırlamaq çətin idi”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev bu gün Ukrayna yığmasına qarşı keçirdikləri şərh edib.

Arena.az xəbər verir ki, o, Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsi çərçivəsində baş tutan və 0:3 hesabı ilə məğlub olduqları matçdan sonra bunları söyləyib:

“Qrupun liderinə qarşı oynayırdıq. Ukrayna futbolu həmişə öndə olub, orada yaxşı futbolçular yetişib. Əbəs yerə 6 oyuna 18 xal toplamayıblar. Çox güclü rəqibə qarşı oynadıq. Bundan öncə də İngiltərə ilə oynamışdıq. Futbolçuları bu matça fiziki və psixoloji cəhətdən hazırlamaq çətin oldu. Rəqibin qoluna kimi müqavimət göstərirdik. Qol buraxdıqdan sonra da yüz faizlik epizodumuz oldu. Nəriman Axundzadə yararlana bilsəydi, bəlkə nəticə başqa cür olardı. Hesab 0:2 olandan sonra futbolçular dərk edir ki, artıq oyunu çevirmək çətin olacaq.

“Kənardan nə qədər qışqırsaq da, çətindir”

Samir Əliyev gənclərdən ibarət milli üzvlərinin Premyer Liqada oynamamasını əsas çatışmazlıq kimi vurğulayıb:

“Oyunçularımız Birinci Liqada, əvəzedici heyətdə çıxış edir. Rəqibin futbolçuları isə Ukrayna Premyer Liqasında oynayırsa, kənardan nə qədər qışqırsaq da, çətindir. Bundan əlavə bizdə Premyer Liqa təcrübəsi olan Veysəl Rzayev, Fərid Yusifli yox idilər. Abdulla Rzayev 52 gündür məşq etmirdi, zədəli olub. Bir həftədir məşqlərə başlayıb. Ona şans verdik. Amma gördük ki, hələ hazır deyil. Bizim kimi komandalarda 3-4 nəfər olmayanda əziyyət çəkirik. Artıq görəndən sonra ki, oyunu çevirə bilməyəcəyik, daha gənc futbolçuları meydana buraxdıq.

Baş məşqçi təyin olunandan sonra düşünürdüm ki, bu futbolçular Premyer Liqada oynayacaqlar. Çünki onların potensialını bilirik. Amma zaman keçdikcə görürük ki, heç kim oynamır. Ukrayna ilə ötən ilin noyabr ayında oynamışdıq. 4 ay fasilə olanda çətinlik çəkirik. İyul ayında UEFA-nın pəncərəsi var. Yoldaşlıq görüşləri nəzərdə tutulub. Başqa turnirlər də var. AFFA-ya yeni rəhbərlik gələcək. Maliyyə lazımdır. Həmin pəncərə zamanı mütləq oyunlar keçirməliyik. Mənim yerimdə kim olur-olsun, çətin məsələdir. Premyer Liqada oynayan 15 futbolçu olsa belə, Ukrayna, İngiltərəyə qarşı mübarizə aparmaq çox çətindir. Amma olarsa, işimiz bir az rahatlaşar. Bu oyunlar göstərdi ki, Premyer Liqada, Birinci Liqada və Əvəzedicilər Liqasında oynayan futbolçular arasında fiziki hazırlığa görə fərq var. Premyer Liqada oynayan futbolçular daha hazırlıqlıdır. Birinci Liqada oynayanlar çatdırmırlar. Bu, bu günün problemi deyil”.