Samir Əliyev ingilislərə 1:5 hesablı məğlubiyyəti şərh etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev bu gün İngiltərə yığmasına qarşı keçirdikləri şərh edib.

Arena.az xəbər verir ki, o, Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsi çərçivəsində baş tutan və 1:5 hesabı ilə məğlub olduqları matçdan sonra bunları söyləyib:

“Güclü rəqibə qarşı oynadıq. Bu səviyyədə rəqiblə qarşılaşmışdıq. Fərdi keyfiyyətləri yüksək olan futbolçulara qarşı oynayırdıq. Uşaqlardan heç bir narazılığımız yoxdur. Əllərindən gələni etdilər. Təəssüf ki, böyükhesablı məğlubiyyətə uğradıq. Daha inamlı, aqressiv oynaya bilərdik. Amma görünən odur ki, bu səviyyədə rəqiblə oynamaq bizim üçün hələ tezdir.

Komandada yaxşı uşaqlar var. İnanırıq ki, 3-4 nəfər əsas milliyə gedəcək. Hazırda bir qədər təcrübə çatmır. Futbolçular Premyer Liqada oynamırlar. Hücumda Ağadadaş Salyanski oynayırdı. Cinahlarda isə Nəriman Axundzadə ilə Camal Cəfərov. Camal nə əvəzedici komandada oynayır, nə də Premyer Liqada. Ümidimiz Nərimana idi ki, nəsə edər. O da hələ bu səviyyəyə tam çata bilməyib. Üzərində çox işləməlidir. İlk hissədə gücümüz, enerjimiz var idi. Nəyimiz varsa, qoyduq. Qol vəziyyətləri də yaratdıq. Uşaq səhvlərindən qollar buraxdıq”.

U-21-in baş məşqçisi problemlərdən danışmaq istəmədiyini vurğulayıb: “Bu gün üçün U-21-ə ən yaxşıları dəvət etmişik. Oynamayanlar əvəzedici heyətdə oynayanlardan yaxşıdır. 5 futbolçu sayın ki, Premyer Liqada oynayır. Bu səviyyədə rəqibə qarşı bərabər səviyyədə oynamaq çətindir. U-21-də Rüstəm Samiqullinə də, Yusif İmanova da şans vermişik. Yusifin psixoloji problemləri var. Ona görə Rüstəmə üstünlük verdik. Problem tək qapıda deyil. Daha qlobal problemlər var. Çox dərinə getmək istəmirəm. Rza Cəfərovu bu dəfə dəvət etməmişdik. Çünki “Neftçi”də yeni oynamağa başlayıb. Əsas milliyə getsin, orada inkişaf etsin”.

Samir Əliyev qarşıdakı Ukrayna ilə oyun da toxunub: “Onlara qarşı bir oyun oynamışıq. Ukrayna tam fərqli komandadır. Kollektiv futbol oynayırlar. Qısa vaxt ərzində bu oyunu unudub tez bərpa olmalıyıq. Hələ 3 günümüz var. Belə oyunlar bizə lazımdır. Hər kəs görsün ki, vəziyyət nə yerdədir. İngiltərə son Avropa çempionudur. Amma oynamaq lazımdır. Təcrübəni belə matçlarda toplayırsan”.

“Azərbaycan millisinə hörmətlə yanaşırdıq”

İngiltərənin U-21 millisinin baş məşqçisi Li Karsli isə Bakıdakı darmadağınla bağlı bunları dilə gətirib:

“Rəqibin oyunlarını izləmişdik. Azərbaycan millisinə hörmətlə yanaşırdıq. Rəqibi məğlub etmək üçün yaxşı səviyyədə oynamalı idik. Azərbaycan millisinin yaxşı fürsətləri oldu. Əsasən də əks-hücumlarda və standart vəziyyətlərdə. Nəticədən razı qaldım. Yaxşı çıxış etdik. Azərbaycan millisinə qarşı İngiltərədə oynamağı səbrsizliklə gözləyirik”.