Samir Abasov: “Eyni situasiya ilə ikinci dəfə üzləşdim”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”a qarşı keçirdikləri cavab matçını şərh edib.

Arena.az xəbər verir ki, o, qolsuz bitən bu oyundan sonra baş tutan mətbuat konfransında bunları dilə gətirib:

“Futbolçularıma təşəkkür edirəm. Ağır oyundan çıxdıq. Böyük ümidlərlə gəlmişdik, baxmayaraq ki, böyük itkilərimiz var idi. Ümumiyyətlə, Konfrans Liqasına hazırlıqsız başladıq. İsa Sulimanın zədələnməsi, üstəlik Murad Xaçayevin də bizi pis vəziyyətdə qoyması… Çox şeyi dəyişib oyuna çıxmalı idik. Başqa variantla oyuna yanaşmalı olduğumuzu düşündük. Futbolçular nəyə gücləri çatdısa, etdilər. Onlara təşəkkür edirəm ki, canlarını qoydular. Artıq çempionata köklənəcəyik.

Futbolçular öz mövqelərində oynasaydılar, nələrsə edə bilərdik. Çətinliyimiz bunlar oldu. Çox üzülürəm. Bu püşk atılanda düşünürdük ki, azı bir mərhələ keçərik. Əfsuslar olsun, mənim hər dəfə başıma gələn eyni situasiya təkrarlandı.

Buradakı əvəzetmələri etməkdə gecikdiyimizi düşünürsünüzsə, olsun. Amma birinci matçda da məcburiyyətdən əvəzetmələr oldu. Yeni transferimiz bir həftədir bizimlədir, artıq iki oyun keçirib”.

Samir Abasov bu cütün qırılma anı kimi ilk oyundakı qırmızı vərəqə epizodunu göstərib:

“Bir futbolçunun yoxluğundan sonra artıq məcbursan ki, hamını fərqli mövqedə oynadasan. Yeni transferimiz Slavko yorulmuşdu, əvəz edilməsini istəyirdi, amma kimi salaq oyuna? Konfrans Liqasına belə gəlmək olmaz. Artıq bu oyunlar bizim üçün təcrübədir. Hər oyun təcrübədir. Burada yanan, əziyyət çəkən bircə Sumqayıtın komandasıdır. Nihad Əhmədzadəni oyuna buraxmışdıq, gənc oyunçudur, akademiyamızın yetirməsidir. Lakin sonra tənqidləri də üzərinə alırsan ki, nə üçün o uşağı meydana buraxdın və s. Mərhələ keçə bilmədiyimiz üçün çox məyusam”.

“Fehervar”ın baş məşqçisi Tamaş Peto da matçdan sonrakı mətbuat konfransında fikirlərini paylaşıb. O, qolsuz heç-heçəni belə şərh edib:

“Mərhələ adladığımız üçün çox şadam. Əvvəlcədən gözlədiyim kimi, çox çətin matç oldu. Rəqibimiz fiziki cəhətdən güclü komanda idi. Komandamda yorğunluq hiss etdim. Buna görə də çoxlu səhvlərə yol verdik. Az oyun keçirmişik. Oyunçuları rotasiya etməyə və komandanı yeniləməyə çalışdıq. Xoşbəxtlikdən, bir neçə mövqedə istifadə edə biləcəyimiz oyunçularımız var”.