Samir Abasov: “Fehervar”la matçda şanslar bərabərdir”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”la cavab matçından öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, “Sumqayıt” Macarıstan təmsilçisi ilə cavab matçına sabah çıxacaq.

46 yaşlı mütəxəssis səfər oyunundan öncə bu gün təşkil olunmuş mətbuat konfransında bunları diilə gətirib:

“Matçın çətinliyi haqda nəsə demək şablon çıxacaq. Rəqibin çempionatda keçirdiyi oyunu da izləmişik. Ümid edirəm ki, maraqlı qarşılaşma olacaq – Sumqayıtdakı kimi. İstəyirəm ki, oyun bu dəfə də hakimlərin səhvi ilə yadda qalmasın. Bura yaxşı motivasiya ilə gəlmişik. Yetərincə itkilərimiz var. Amma əhvalımız yaxşıdır, nə etmək lazım olduğunu bilirik. Uşaqlar da bunu anlayır. İtkilər, heyətdəki çatışmazlıqları kənara atmışıq və yaxşı ümidlərlə gəlmişik. Arenada yaxşı atmosfer olacağını gözləyirəm. Ümid edirəm, bunu öz təcrübəmizə, xeyrimizə çevirə biləcəyik.

Hesab bəllidir, itirəcəyimiz nəsə yoxdur. Hələ heç nə bitməyib. Oyuna çox ümidliyəm və futbolçularıma inanıram. Bu yöndə uşaqları kökləməyə çalışacağam.

Sumqayıt sakinləri arasında mərhələ keçməyinizə inanlar da az deyil. Bu sözlər məni əlavə motivasiya edir. Bizə bu qədər şans verirlərsə, deməli, inanırlar. Bunu futbolçulara da çatdıracağam. Deməli, gücümüzə inanırlar, dəstəklərini əsirgəmirlər. Şanslar bərabərdir, bizə inananlar da sağ olsunlar”.

Samir Abasov ilə yanaşı, mətbuat konfransında “Sumqayıt”ın yarımmüdafiəçisi Rövlan Muradov da iştirak edib. O, sabahkı matçla bağlı bunları söyləyib:

“Sabah yaxşı nəticə qazanacağımıza inanıram. Əlimizdən gələnin ən yaxşısını ortaya qoymalıyıq. Məğlub olduğumuz oyun keçmişdə qaldı. İnanırıq ki, yaxşı nəticə qazana biləcəyik. Baxmayaraq ki, ağır oyun olacaq. Yaxşı nəticə qazanmağa çalışacağıq. İnam qələbənin yarısıdır. Komanda yoldaşlarıma bildirəcəyəm ki, hər kəs bizə inanır. Ümidvaram ki, sabah sevinən tərəf biz olacağıq”.

Qeyd edək ki, “Fehervar” – “Sumqayıt” matçı sabah Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq. Sumqayıtda baş tutan ilk görüş Macarıstan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.