Samir Abasov: “Hakimlik çox aşağı səviyyədədir”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 28-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatmış matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Oyunda üstünlük “Neftçi”nin tərəfində idi. İkinci hissədə rəqibə epizod vermədən, 2 qol vəziyyəti yaratdıq. Ustalıqla bağlı olan şeylərdir. Aleks Fernandesin epizodunda bəxtsizlik oldu. 4-5 qol epizodu yaradırıqsa, bu, yaxşı tərəfimizdir. Xal itirmək bizi üzür”.

Samir Abasov hakimlikdən narazı qaldığını bildirib:

“Çox narazı idim, çox əsəbiləşmişdim. Oyunun gedişatında səbirli olursan, amma epizodlar üst-üstə gələndə emosiyalarımızı saxlaya bilmirik. Bizim oyunlardakı hakimlik çox aşağı səviyyədədir. Səbəbini deyə bilmərəm. Bugünkü və bundan əvvəlki matçlarda da belə şeylər olurdu, temp öldürmək, bir tərəfli qərarlar… Bu da bizi narahat etməyə başlayıb.

“Neftçi”nin baş məşqçisi “Sabah”la qarşıdakı matçlara da toxunub:

“Öz oyunumuza köklənməliyik. İlk oyun öz meydanımızdadır. Hər şeyi etməyə çalışacağıq. Qorxduğumuz məqamlar var. 2-3 futbolçunu da itirə bilərik. Təki, oyunçular sağlam olsunlar. Oyunqabağı neqativ bir şey yoxdur. Sabahdan həmin oyuna hazırlaşacağıq. Oyunçular barədə fərdi danışmaq istəmirəm. Sambu son oyunlarda qol vurur. Onu itirmək çox pisdir. Hələ də başa düşmürəm ki, onun qırmızısı niyə ləğv edilmədi. Epizodlar var ki, bundan da pisdir”.

Samir Abasov millinin düşərgəsindən qayıtmış futbolçuların psixoloji cəhətdən problem yaşayıb-yaşamadığına dair suala da cavab verib:

“Hər bir azərbaycanlı millimiz uduzduğu üçün üzülür. Psixoloji durumdan əlavə, fiziki durumları oradan gələndən sonra yaxşı deyildi. Bir az Rza Cəfərovun zədəsi narahat edir. Zədəli-zədəli də Belarusla oyuna buraxmışdılar. Bilmirəm niyə. Belə məqamlar bizi narahat edir. Rzanı itirə bilərik. Elvin Camalov psixoloji baxımdan görünürdü ki, yaxşı deyil. O, burada uduzanda da, çox əsəbiləşən biridir. Xarakterli uşaqdır. Onunla danışdım. Deyiləsi bir şey yoxdur”.

Elmar Baxşıyev: “Uda da bilərdik, uduza da…”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə heç-heçəyə belə şərh verib:

“Gərgin oyuna şahidlik etdik. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Komanda şəklində futbolçularım meydanda yaxşı iş gördülər. Uda da bilərdik, uduzmaq təhlükəsi də var idi. Bir xal da bu oyun üçün önəmli idi. Komandama təşəkkür edirəm. Qarşıdakı matçlara hazırlaşacağıq.

“Neftçi” yaxş təşkilatlanmış komandadır. Nə gözləyirsiniz? Biz oynayaq, “Neftçi” baxsın? Onlar planlı şəkildə bizə təzyiq göstərdilər. Hər iki komanda ehtiyat edirdi. Bizim bu gün qənaətli şəkildə oynadığımızı düşünürsünüzsə… Biz “Neftçi” ilə matça da maksimum nəticə üçün çıxmışdıq. Başa düşürük ki, üç gündən bir oynayırıq. Heyətdə 4-5 futbolçunun olmaması da sıxıntı yaradır. Qış fasiləsindən sonra zədəli futbolçuların sayı çoxdur. O da nə ilə bağlıdır, biz bilirik. Bizə aid olan məsələdir. Komandam bərkdir, kubokda və çempionatda iddiasını ortaya qoyacaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: