Samir Abasov HJK ilə oyundan öncə böyük vədlər vermək istəmədi

“Neftçi”nin baş məşqçisi Samir Abasov Avropa Liqasının 3-cü mərhələsi çərçivəsində HJK-ya (Finlandiya) qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Sabah çox maraqlı rəqibə qarşı oynayacağıq. HJK-nın iştirak etdiyi çempionat davam edir. Tiflis “Dinamo”su kimi, onların da fiziki durumu çox yaxşıdır. Ölkəsinin çempionudur və təhlükəli rəqibdir. Finlandiya futbolu irəli doğru addımlayır. Millilərinin AÇ-2020-dəki çıxışı bunu deməyə əsas verir. HJK-nın bəzi üstünlükləri var. Bizdən, bəlkə də, daha hazırlıqlıdır. Ən azı əlimizdən gələni etməliyik ki, bu turnirdə qalaq. HJK-nın xeyli oyununa baxmışam. Məsələn, srağagün çempionat matçına çıxdılar. Kifayət qədər zəngin heyətə malikdir. “Malmö”yə bir oyunda uduzmalarına və bir heç-heçə etmələrinə baxmayaraq, xoşagələn, hərəkətli futbol nümayiş etdirirlər. Bizim də əhvalımız pis deyil. “Olimpiakos”a uduzsaq da, motivasiyamız qaydasındadır. Bəzi məqamlar bizi üzdü. Ancaq əhval-ruhiyyəmizi düzəldə bilmişik. Bilirik ki, getdicə oyunlar çətinləşir.
  • Futbolçuları psixoloji gərginlikdən çıxara bilmisiniz?
  • Gəlin, “Olimpiakos”la oyundan əvvəlki proqnozlara nəzər yetirək. Biz bunların əksini göstərdik. Səfərdə yaxşı çıxış etdik, evdə də pis oynamadıq. Şansımız gətirsəydi, keçə də bilərdik. Uşaqların əziyyətinə heyfsiləndik. O cür rəqibə uduzmağa üzülməyimiz yaxşı oynamağımızla bağlı idi. Mən özüm qələbə qazanmaq, mərhələ adlamaq istəyirdim. Amma özümüz hər şeyi anlamalıyıq. Həmin görüşün atmosferində qalmaq bizə mənfi təsir göstərə bilər. Komandada ab-hava çox yaxşıdır. Böyük vədlər vermək istəmirəm. Rəqib fiziki durumda bizdən yaxşı ola bilər. Ancaq buna fikir vermirik. Öz komandamızı düşünürük. Oyunumuzu ortaya qoya bilsək, “Olimpiakos”a qarşı görüşdəki səviyyəni yaxşılaşdırsaq, uğurlu nəticə qazana bilərik.
  • Avropa Liqasında HJK-nı keçsəniz, növbəti rəqib “Fənərbaxça”, məğlub olsanız, Konfrans Liqasında “Makkabi” ilə qarşılaşacaqsınız. Razısınız ki, ən yaxşısı elə HJK-nı üstələməkdir?
  • Püşkü atanlar deyir ki, “Neftçi”, sən heç yerə getmə, qal Avropa Liqasında. Bizim üçün əsas HJK-nı keçməkdir. Ən azı “Makkabi”ni düşünmürük. Hər iki turnirdə ən arzuolunmaz rəqiblə düşdük. Əvvəlcə HJK-nı keçək ki, sonrakı rəqib barədə düşünək.
  • HJK-nın ən zəif mövqeyi hansını hesab edirsiniz?
  • HJK ilə “Olimpiakos”u müqayisə etmişik. HJK-nın indiki durumu bizim üçün daha təhlükəlidir. “Olimpiakos”da həddən artıq keyfiyyətli oyunçular var. Onlar bəzən sənə boşluqlar verirlər. HJK-nın son 6-7 matçına baxmışıq. Çox yaxşı kollektiv oyun sərgiləyirlər. Nə hücumda, nə də müdafiədə boşluq verirlər. Loru dildə başa salsam, məşqçi deyirsə ki, hücumda 4-5 nəfər olmalıdır, onlar mütləq orada olacaqlar. Bizə çətinlik törədəcək məqamlardır. Hansısa oyunçunun üstündə durmayacağıq. Dünən futbolçulara da dedim. Bizə qarşı qapanan komandalara qarşı çətinliklər çəkmişik. Çalışacağıq sabah yaxşı nəticə qazanaq.
  • “Olimpiakos”la cavab görüşünün sonlarında gəncləri meydana buraxdınız. Bu görüşdə də onları izləyə bilərik?
  • Ötən matçda ehtiyatdan meydana daxil olanlar bizi sevindirdi. Bacardıqlarını ortaya qoydular. Keyfiyyət baxımından kimlərisə razı salmaya bilərlər. Amma istəkləri ürəyimcə oldu. Çempionatda da bu uşaqlara güvənəcəyik.
  • Məşqi “Bakcell Arena”ya salmamağınız stadionu qorumaq məqsədli idi?
  • Bəli. HJK özü də burada məşq edəcək. Stadionu yükləmək istəmədik.
  • Sərəncamınızda 2 hücumçu var. Yeni transferlər gözlənilir?
  • Deyə bilmərəm. Transfer barədə danışmaq istəmirəm.
  • Harramiz Soaresi sabah hücumda oynatsanız, yenidən sağ cinahda Ömər Buludova şans verəcəksiniz?
  • Ömər də ola bilər, Fəhmin Muradbəyli də. Mirabdulla Abbasovun durumu da bizim üçün önəmlidir. Mirabdulla hazır olsa, Harramizi cinaha çəkə bilərik. Ümid edirəm ki, bugünkü məşqdə problem yaşamarıq. İtirəcəyimiz oyunçuları yox, qazanacağımız oyunu düşünək.