“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 21-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Oyunu sırf uşaqlar uddu. Mənim xəbərim yoxdur. Özləri hazırlaşdılar, dedilər ki, oyunu özümüz çıxaracağıq. Bura sadəcə, tamadalıq etməyə gəlmişəm. Azarkeşlərə təşəkkür edirəm ki, bu atmosferi bizə yaşatdılar. Hər iki komandanın azarkeşləri oyunun ritmini saxladılar. Bu gün komanda ən yaxşısını edir. Azarkeşlərin stadiona gəlməsi bizə stimul verir. Onlar gəlsin ki, bizim də işimiz yüngülləşsin. Hansısa futbolçunu komandaya dəvət edəndə, tribunalara baxır. Oynamaq bizdən, tirbunaları doldurmaq azarkeşlərdən. Sumqayıt idman şəhəridir.
Bir neçə oyun əvvəl güc bölgüsü ilə bağlı danışmışdım. Bu oyunda baş verənlər də, sözlərimə “peçat” oldu. İkinci hissə başlayandan sona qədər komandada çöküş getdi. Biz rəqibə görə oynadıq, əks-hücumlara keçdik. Amma onları yüksək səviyyədə edə bilməməyimizin səbəbi, gücümüzün o dərəcədə olmaması idi. Son kubok matçında çox enerji sərf etdik. Bilirdik ki, stadionun açılışı olacaq və “Neftçi” ilə oyuna köklənməliyik. Kubokda hər şeyin bizim üçün itdiyini demək olmaz. Doğrudur, bizim yolda “Sabah”, “Neftçi”, “Qarabağ” var. Bizi bura niyə salmısız? Bircə, “Qalatasaray” qalıb, onu da gətirin də. Çox çətin olacaq, başa düşürük. Amma yenə də əlimizdən gələni edəcəyik.
Komandamız “Neftçi” ilə kubok matçına başqa motivasiya ilə çıxmamışdı. Bu görüş həmin oyunun davamı idi. Motivasiya siz fikirləşdiyiniz kimi olsaydı, 0:3-dan sonra sınmış komanda görərdiniz. Oyundan qabaq uşaqlara dedim ki, sərgiləyəcəyiniz oyun növbəti matçlara təsir edəcək. Uşaqlar mənə dedilər ki, narahat olmayın. Kubok matçı 0:3 bitsəydi, inanmıram ki, bu gün belə olardı”.
Samir Abasov yeni transfer gözlədiyini də açıqlayıb: “Fikrimiz “Neftçi” ilə oyuna yönəlmişdi. Xüsusən də, biz məşqçilərin. Alınsa, ən azından yaxşı ehtiyat oyunçular skamyamız olar. Olmasa da, “Sumqayıt” üçün hər şeyi edəcəyik. Hücumameyilli oyunçu istəyirik. Bu şəhər avrokuboklarda oynamasın, bəs kim oynasın? Amma bu sözlərdir. Biz bunu reallaşdırmalıyıq, əməldə göstərməliyik. Uşaqlar da fikirləşməlidilər ki, bu boyda şəhərin, komandanın oyunçularıdır. Azarkeşlərin qarşısında məsuliyyətimiz olmalıdır”.
“Sumqayıt” layiqli qələbə qazandı” – Bojoviç
“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç isə komandasının məğlubiyyətini belə şərh edib:
“Qələbə və yeni stadionun açılışı münasibətilə “Sumqayıt”ı təbrik edirəm. Stadionda bu gün gözəl atmosfer var idi. İlk yarıda bizdə çox şey alınmadı. “Sumqayıt” daha yaxşı idi. İkinci yarıda oyunu dəyişməyə nail olduq. Bəzi məqamlarda qol da vura bilərdik, buraxmaq təhlükəsi də var idi. “Sumqayıt” layiqli şəkildə bu gün qalib gəldi. Biz həm kuboka, həm də çempionata eyni dərəcədə hazırlaşırıq. Sadəcə, bu oyuna yaxşı hazırlaşmamışdıq.
Rəqibimiz yaxşı oynadı. Hər bir məşqçi komandasının güclənməsini istəyir. Amma indi buna imkan yoxdur. Sırf futbolçuların performansına gəldikdə, hər oyun fərqlidir. Yeqor Boqomolski keçən görüşdə qollar vurmuşdu, bu dəfə alınmadı. Axı, hər oyunun hekayəsi fərqli olur. Emin Mahmudovun əvəzlənməsinə gəlincə, ayağında ağrılar var idi deyə, əvəzlədik. Reziuan Mirzov və Brayan Moreno fiziki baxımdan tam hazır deyil. Hər ikisinin durumu düzəldikdən sonra, rəqabət də artacaq. Biz özümüz də, ideal onbirliyi axtarırıq. Amma bir şey var ki, yaxşı oynamaq üçün, çoxlu oyun keçirməliyik”.


