“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Nə qədər həyəcanlı olduğumu sözlə ifadə edə bilmərəm. Məndən, komandamdan, futbolçulardan gözləntilərin nə qədər çox olduğunu bilirəm. Bütün təbriklər oyunçulara düşür. Baş məşqçinin 4-5 gün ərzində nələrisə dəyişməsi mümkünsüz bir şeydir. Görüləcək işlər çoxdur.
Roman Qriqorçuk “Neftçi”də olan vaxt bu klubla aramızda heç bir danışıq olmayıb. İnanmıram ki, klub rəhbərliyi baş məşqçi ola-ola başqası ilə danışıq aparsın. Bura gəlməyimdə bəzi səbəblərin rolu oldu, amma onları burada açıqlamaq istəmirəm. “Neftçi”də ən yüksək hədəflər qoyulur, qoyulacaq da. Hədəflərimiz yüksəkdir. İnanıram ki, buna çatacağıq”.
Baş məşqçi kapitan sarğısının gənc qapıçı Rza Cəfərova verilməsinə də şərh verib:
“Bir baş məşqçi olaraq bu futbolçuların əksəriyyətini tanımıram. Tanıdığım 2-3 futbolçu qalıb. Bu qərarım müvəqqətidir. Amma daimi də ola bilər. Rzaya kapitanlığı verməyimi təcrübəli oyunçular da qəbul etdilər və məni anladılar. Onlarla etdiyim söhbəti burada danışmaq istəmirəm. İndidən bir-birimizi yaxşı qəbul etsək, yaxşı yerlərə çata bilərik. Hazırda kapitanın kimliyi önəmli deyil. Əsas məqsədimiz meydanda baş verən proseslər, qazanacağımız nəticələrdir”.
Samir Abasov bir müddət öncə “Neftçi”dən kənarlaşdırılan Qara Qarayevin yenidən paytaxt klubuna geri qaytarılmasının mümkünlüyü barədə sualı da cavablayıb:
“Qara məndən əvvəl “Neftçi”dən gedib. Artıq klub tərəfindən qərar verilib. Mən olsaydım, başqa qərar olardı, yoxsa yox, bunu deyə bilmərəm. Qara Qarayevə hörmətim və sevgim çoxdur. Onun gənc vaxtlarında bir yerdə futbol da oynamışıq. Qaraya uğurlar arzulayıram. Həmişə onun yanındayam. Qara Qarayevi təzliklə meydanda görmək istəyirəm”.
“Neftçi” bütün komponentlərdə bizi üstələdi” – Şahin Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Oyun sistemində və heyətlə bağlı böyük problemlərimiz var. 3 nəfərin olmaması, bir oyunçunun isə meydana zədəli çıxması özünü göstərdi. Bu üzdən istədiyimiz oyunu göstərə bilmədik. Sanki futbolçular “Neftçi”nin adından qorxdular. Tam olaraq rəqibin üstünlüyü ilə keçən oyun oldu. İrəli baxmalıyıq. Qarşıda daha vacib oyunlarımız var. Demişdim ki, “Neftçi” bu heyətlə düşdüyü vəziyyətdən çıxacaq. “Sumqayıt” və “Kəpəz”lə matçlar bizim üçün çox vacibdir. Yaxşı oyun göstərib qalib gəlməyə çalışacağıq. Əlində heyət varsa, oynamalısan. 19-20 yaşlı futbolçulara şans verdik. Birdən-birə 4 oyunçu olmayanda komanda öz gücünü göstərə bilmir. Rotasiya üçün ehtiyat oyunçular skamyamız o qədər də zəngin deyil. Bu gün istədiyimiz oyunun heç 30-40 faizini oynaya bilmədik.
Komanda bu gün uğur qazanmağı çox istəyirdi. Əfsuslar olsun ki, “Neftçi” bütün komponentlərdə bizi üstələdi. Uduzmağı da etiraf etmək lazımdır”.