Samir Abasov: “Neftçi”nin heyəti Çempionlar Liqası üçün yetərli deyil”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri və Azərbaycan çempionu olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çempionat ərzində çox danışmışıq. Bu gün sözlər tükənib. “Neftçi” ailəsini təbrik edirəm. Azarkeşlərin inamları möhtəşəm idi. Bu gün oyuna gəlməmişdən bazaya yollandılar.

Komandalar bir-birindən ehtiyatlanırdı. Onlarla açıq futbol oynayası deyildik. Bir az ehtiyatlı oynayırdıq və bu səbəbdən oyun sönük keçə bilər. İnamım həddindən artıq çox idi. Digər oyunlardan daha çox aqressiv idim. Əsas olan odur ki, qələbə qazandıq.

Komandanı yeni qurmuşuq, amma düzgün yoldayıq. Oyunumuz bəzi adamların xoşuna gəlməyə bilər. Gözdə görünən futbolçular və məşqçilərdir. Klubun bütün əməkdaşlarının çempionluqda əməyi var. Sağ olsunlar. Adlarını bəlkə də çəkə bilmirəm. Amma ürəyimizdə onlar qarşı sevgi tükənməzdir. Futbolçuların ailələrinə təşəkkür edirəm. Bu gün elə gündür ki, mən tamadalıq etməliyəm.

“Neftçi” Samir Abasovdan üstündür

“Qarabağ” nümunəvi klubdur. Biz illərdir qurulmuş bu cür strukturu yendik. Bu uğuru davam etdirməliyik. Burada Samir – Qurban rəqabətindən yox, klubların arasında olan rəqabətdən söhbət gedir. “Neftçi” Samir Abasovdan üstündür. Bütün komandalara avrokuboklarda uğurlar arzulayıram. Bütün “Qarabağ”a camiəsinə qurduqları işə və bu oyuna görə təşəkkür edirəm. Amma bu ilin komandası biz idik.

Qələbəmizə kölgə salmaq istəmirəm. Verilməyən penalti epizodlarını tam incələməmişəm. Xayme Romeronun epizdounda penalti yox idi, amma yanıla da bilərəm.

Ölmüş komandanı götürüb nələrsə etmək çətindir. Yarı işi mən gördümsə, yarısını oyunçular etdi. Onlar ruhən ölmüşdülər. 0:6 hesabı ilə uduzan komanda idi. Məndən əvvəlki baş məşqçinin də çempionluqda payı var. Biz son 5 matçı səfərdə keçirdik. Ona görə futbolçular çətin sınaqdan çıxdılar.

Məşqçilər olaraq transfer məsələlərini öz aramızda danışmışıq. Rəhbərliklə söhbət etməmişik. Ümumi yolu onlar müəyyən edəcək. Onlar da sevinirlər. 2-3 gündən sonra transferləri düşünəcəyik. Heyətimiz Çempionlar Liqası üçün yetərli deyil. Azərbaycan üçün hər şeyi edəcəyik”.

Qeyd edək ki, Samir Abasovun mətbuat konfransı yarıda qalıb. “Neftçi”nin futbolçuları konfrans otağına gələrək, 43 yaşlı mütəxəssisə sürpriz ediblər. Çempionluğu qeyd edən oyunçular baş məşqçinin üstünə su töküblər. Bu səbəbdən mətbuat konfransı yarımçıq dayandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: