Samir Abasov: “Olimpiakos” belə səhvləri bağışlamayacaq”

“Neftçi”nin baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Tiflis “Dinamo”suna (Gürcüstan) qarşı keçirdikləri cavab matçını şərh edib.

Arena.az xəbər verir ki, o, 2:1 hesabıyla qələbə qazandıqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərimiz üçün darıxmışdıq. Sağ olsunlar, onlar da əllərindən gələn dəstəyi göstərdilər, bizi tək qoymadılar. Atmosfer möhtəşəm idi. Futbolçulara da təşəkkürümü bildirirəm. Bu cür oyunlarda böyük gərginlik olur. Bəzi epizodlarda səhvlərimiz oldu. Amma oyundan-oyuna daha da güclənəcəyik. Buna əminəm. Futbolçularım hər iki matçda əlindən gələni etdi. Cəmi 3 yoxlama matçından sonra bu səviyyədə oynamaq asan deyil. Oyunçularımız bacardılar və lazımi nəticəni qazandılar. Hesab “Neftçi”ni ehtiyatlı oynamağa vadar edirdi. Qol buraxdıqdan sonra hücuma atılmalı idik. Necə oynamalı olduğumuzu bilirdik. Yenə deyirəm, əsas nəticə idi, onu da əldə edə bildik.

Harramiz universal futbolçudur. Həm yarımmüdafiədə, həm də hücumda çıxış edə bilir. Beşli müdafiənin cinahında oynamaq da təqribən eyni şeydir. Vaxt keçdikcə hansı futbolçunun nəyə qadir olduğunu bilirik. Ehtiyat qüvvəmiz azdır. Bəzi oyunçuları məcburiyyətdən oynadırsan. Bu gün Ömər Buludova verdiyim tapşırıqları yerinə yetirdi”.

Samir Abasov ÇL-in 2-ci təsnifat mərhələsində qarşılaşacaqları Yunanıstan “Olimpiakos”undan da söz açıb: “Əminəm ki, vaxt keçdikcə daha yaxşı oynayacağıq. “Olimpiakos” bu cür epizodları bizə bağışlamayacaq. Bəzən təcrübəli futbolçular elə səhv edir ki, başımızı tutub qalırıq. Əlimizdən gələni edəcəyik. Yeni transferlər gözlənilir. Honda kimi oyunçumuz yoxdur ki, rəqib hücumlarının qarşısını alsın, soyuqqanlı davransın. Bəlkə də bu cür oyunlar işimizi asanlaşdıra bilər. “Olimpiakos” bizə oynamağa imkan verməyəcək. Səhvlərimiz bizə kömək edə bilər. Çox ümidliyəm. Hətta həmin matçların bu oyundan daha rahat keçəcəyini düşünürəm. Bugünkü görüşdə əsas pozitiv məqam qələbə qazanmağımızdır. Gəlin, düzünü danışaq. Biz “Olimpiakos”la hücumda oynayacağıq? Nə edəcəyik? Qapımızda oturacağıq”.

Abasov yeni transferlərin gecikməsinin səbəbini də açıqlayıb: “Danışıq apardığımız oyunçular var. Danışıqların harada qırıldığını bilmirik. Bu gün sol cinah müdafiəçimiz yoxdur. Qapıçı, iki vinger, hücumçu və sol cinah müdafiəçisi istəyirik. Hətta 30 faiz hazır olan futbolçunu belə, oynatmağa hazırıq”.

Baş məşqçi “Bakcell Arena”nın ot örtüyünün yararsız vəziyyətdə olmasından da şikayətlənib: “Bu barədə məşqçilərlə söhbət etdik. Mütləq irad bildiriləcək. Oyunçular meydanda sürüşürdülər. Amma mən ota baxan deyiləm, bu işlə məşğul olmuram”.

Xəbəri sosial şəbəkələrdə paylaş: