“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Birinci hissəyə pis başlamadıq. Səhvdən sonra heç nədən qol buraxdıq. Qol buraxandan və səhv edəndən sonra oyun dəyişir. İndi nəsə demək çətindir. Bəzi oyunçular belə oyunlarda təcrübə yığmalıdılar. Birinci və ikinci hissə tamam fərqli idi. Mərt Çelik ikinci hissədə daha yaxşı oynadı. Mənim birinci yarı bitəndən sonra ona yaxınlaşmağım futbolçuya təzyiq yaratmadı. Yusuf Lavalın üstündə çox durmuşduq. Onun oyununun alınmaması rəqiblə bağlı idi. Həmin bölgədə futbolçumuza rahatlıq vermədilər. “Makkabi” ilə səfər oyunu istisna hər matçda qol vururuq. Bəlkə bu gün bir az tələskənlik oldu deyə, yeni transfer Maçado qol vura bilmədi.
Start heyətdə 5 azərbaycanlı futbolçu olmalıdır. Bu, zərurətdir. Famil Camalovu bu səbəbdən görüşün əvvəlində meydana buraxdım. İki hücumçudan birini oynatmalıyıq. Familə inamımız itmir. Təki oyunçular çox olsun və biz baş sındıraq ki, kimi oynadaq.
Rəqibin birinci qoluna səbəb olan İsmayıl Zülfüqarlıya gəlincə, niyə ona şans verməyək? İsmayıl necə böyüsün və inkişaf etsin? Çempionatdakı limit məsələsi də nəzərə alınmalıdır. Başqa kimi oynada bilərəm? Klub rəhbərliyi ilə danışıb limit məsələsini qabartmağa çalışacağam. Fikirləşirəm ki, limit götürülsə, Azərbaycan futbolu üçün yaxşı olacaq. Kim güclüdürsə, o da oynamalıdır.
Rəqib azarkeşlər məni istefaya səslədi? Onlara meydanda verdiyim cavab ağır idi. Onu burada mətbuata deyə bilmərəm. Onların belə etməsi mənim üçün yaxşıdır. Samir 7 il sonra gəldi və onların əlindən çempionluğu aldı. Əlbəttə onlar üçün Samirin getməyi yaxşıdır”.