“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyunun sonlarını çıxmaq şərtilə, matç yorucu idi, maraqlı keçmirdi. Bilmirəm ki, bu nəyə görə idi. Belə oyunlarda qol vurub rahatlaşmaqdansa, qol buraxıb özünə gəlmək daha yaxşıdır. Oyun xoşuma gəlmədi. Heç-heçə də qeydə alına bilərdi. Son dəqiqələrdə qapımızda ikinci qolu görməyimiz də mümkün idi. Əvvəllər olduğu kimi, gərgin matç görmədim. Mənim üçün darıxdırıcı qarşılaşma idi. Lakin yolun əvvəlindəyik. Xoş haldır ki, udub gedirik.
Pis oyunlar olmur, alınmayan oyunları, uduzmağı belə gözümüzə almışıq. Çünki yeni və gənc futbolçularımız çoxdur. Onların sistemə gəlib çatmaları üçün vaxt lazımdır. Bu gün həddindən artıq top ötürmələri edirdik. Əsas odur ki, bütün futbolçularımız sağlamdır. Yeni transferlər hələ 90 dəqiqə oynamağa hazır deyillər. Onları belə matçlarla formaya gətiririk. Çatışmazlıqları get-gedə aradan qaldıracağıq.
Voyislav Stankoviçin milliləşdirilməsi gündəmdə deyil. Filip Ozobiçin milliləşdirilməsindən sonra Stankoviç “Mən niyə yox?” söylədi. Mənim limitlə bağlı fikirlərimdən sonra bircə UEFA prezidenti Aleksander Çeferin qaldı ki, fikir bildirməsin. PFL prezidenti Ramin Musayev, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdan fikir soruşmaq pis deyil ki… Hərə öz fikirlərində bir arqument gətirməlidir. Siz onların dediyi sözlərdən sonra “Mən də belə deyim” söyləyənlərdən çəkinin”.