Samir Abasov: “Qələbə bizə stimul verir”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Gərgin və çətin oyun idi. Yeni ildə ilk oyun, Qəbələ səfəri… Bura tez uyğunlaşmaq olmur. Əsas odur ki, buradan yaxşı nəticə ilə qayıdırıq. Bu qələbə qarşıdakı matçlarımıza da təsir edəcək. Motivasiyanın yaxşı olması vacibdir. Qələbə bizə stimul verir. Yeni stadionumuzda azarkeşlərimizin daha çox olacağına inanıram. Futbolçulara təşəkkür edirəm”.

Baş məşqçi legioner futbolçu Abu Dossonu əvəzləməsinin səbəbini də açıqlayıb:

“Onun dəyişməyimin səbəbi oyunu ilə bağlı idi. Onun daha ürəkli oynamasını istəyirdim. Düşünürdüm ki, qarşısındakı oyunçudan daha üstün olar. Bütün futbolçular meydanda ürəklərini qoymalıdırlar. Asan oyunlar olmayacaq. Özünüz görürsüz ki, çempionat necə gərgin keçir. İntizamı qorumaq önəmli idi. Futbolçular da bunu düzgün başa düşməlidirlər”.

Samir Abasov bu qış transfer etməmələrindən də söz açıb və komandasının bunun əziyyətini çəkəcəyini dilə gətirib:

“Aşağı pillərələrə düşsək, səbəbi sırf transfer etməməyimiz olacaq. Bu gün sistemi dəyişməyimin səbəbi də sırf heyətlə bağlı idi. Danışıq apardığımız oyunçular var. Amma hələ ki, onları gətirə bilməmişik”.

“Müdafiəçimiz imkan yaratdı ki, penalti olsun”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev isə komandasının məğlubuyyətini belə şərh edib:

“Dinamik oyun alındı. Hava şəraitinə baxmayaraq, komandalar sürətli oyun nümayiş etdirdilər. Üstünlüyə sahib idik. Əlimizə düşən epizodları dəyərləndirə bilmədik”.

Elmar Baxşıyev komandasının qapısına təyin olunmuş penaltiyə də münasibət bildirib:

“Öz fikrimi bildirəcəyəm. Bizim müdafiəçimiz imkan yaratdı ki, penalti olsun. Diqqətsizlik etdi. 29 yaşlı futbolçu bilməlidir ki, rəqibini vurursa, penalti veriləcək. Bu səhvi Nicat Əliyev etsə, başa düşərəm. 29 yaşlı futbolçu bu cür səhv etməməlidir. Fərdi səhvdən məğlub olduq. Lukas Afriko güvəndiyim futbolçudur. Dərk etməlidir ki, komandanı belə vəziyyətdə qoymaq olmaz.

İlk turdan optimal “Qəbələ” görmək istəyirəm. Amma hər oyun qırmızı vərəqələr, öz səhvimizdən buraxdığımız qollar… İnanıram ki, səhvlərimizi düzəldəcəyik. Bütün oyunçularıma inanıram”.