Samir Abasov: “Qələbəyə ehtiyacımız vardı”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 17-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma təşəkkür edirəm. Nəticədən razı qaldım. Bizə nəticə lazımdır. Bu qələbəyə ehtiyacımız var idi. Futbolçular bunun üçün mübarizə apardılar. İşimizə davam edəcəyik”.

Samir Abasov komandadakı itkilərdən və üzləşdiyi çətinliklərdən də söz açıb:

“Bura ayaq basdığım gündən bəri zədələr çoxdur. İlk məşqdən sonra üç nəfər zədələndi. Xroniki zədələr üzə çıxır. Birinci oyundan sonra 2-3 nəfər də sıradan çıxdı. Bu proseslər yaşanırdı. Bu da balanslı şəkildə oyuna hazırlaşmağa mane olur. Bu gün 6 zədəlimiz var idi. Çoxu da yerli oyunçulardır. Paltardəyişmə otağından çıxanda, bir şeyə fokuslanıb çıxırıq. Oyunun gedişatında nələrsə dəyişir. Rəqib bəzi anlarda üstünlüyü ələ alır. Onda problemlər yaşamağa başlayırıq. İkinci hissədə rəqibin uduza-uduza epizod yaratmağı normaldır. Görünən o idi ki, bütün futbolçular sanki birinci dəfə futbola gəlmiş kimi idilər. Təəssüf ki, psixoloji durumumuz pisdir və hər futbolçu üzərində yük hiss edir. Bunu qələbə ilə üzərimizdən ata bilərik”.

“Kəpəz”in baş məşqçisi Azər Bağırov isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:

“Oyuna yaxşı hazırlaşmışdıq. Sadəcə, etdiyimiz texniki səhvlərın nəticəsində birinci hissədə qapımızda iki qol gördük. İkinci yarıda aqressivliyi artırıb, daha yaxşı oynadıq. Qol epizodlarımız oldu. Oyun heç-heçə də bitə bilərdi. Reallıqlarla barışmaq və hər bir vəziyyətə hazır olmaq lazımdır”.

Xəbəri istədiklərinizlə paylaşın