Samir Abasov rumınlara darmadağını şərh etdi

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Türkiyədə Rumıniyanın “Hermanştadt” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, Antalya şəhərində baş tutan sınaq matçı Azərbaycan təmsilçisi üçün uğursuz alınıb.

Sumqayıtın eyniadlı komandası bu oyunda 0:3 hesablı məğlubiyyətə üzülüb. Samir Abasov qarşılaşmadan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Çox çətin oyun oldu. Əslində belə də gözləyirdik. Yanvarın 3-dən bəri fasiləsiz məşq edirik. Təqvimimiz çox sıxdır. Uşaqlar mənim tapşırıqlarıma əsasən əllərindən gələni etməyə çalışdılar. Bu, mövsümün ikinci yarısına hazırlıqdır. Belə yükləmələrin fonunda bu oyun bizə lazım idi. Komandanı bu şəraitdə də görmək vacibdir. Nəticə məyusedici olsa da, yoldaşlıq oyunudur. Bu oyunu diqqətlə təhlil edəcəyik. Nəticə üzərində dayanmayacağıq, daha çox vacib matçlarda bu səhvlərimizin qarşısını almaq üçün meydanda nə edə biləcəyimizi qeyd edəcəyik”.

Xatırladaq ki, “Sumqayıt” yanvarın 17-nə qədər Antalyada hazırlıq keçəcək. Premyer Liqa təmsilçisi ayın 16-da Özbəkistanın “Soqdiana” komandası ilə də sınaq matçında üz-üzə gələcək.