Samir Abasov: “Sumqayıt”da mövsümün əvvəlindən iş düz getmir”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 34-cü turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:4 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəqibi təbrik edirəm. “Beşiktaş”la xeyriyyə matçından sonra yorğun olmaqlarına baxmayaraq, çox yaxşı oynadılar. Daha çox qol vura bilərdilər. “Sabah” necə yaxşı vəziyyətdə olduğunu göstərdi.

Bizim oyunumuz haqda isə deyiləsi söz yoxdur. Birinci qoldan sonra qapıçının səhvləri oldu. Bu il qapıçı səhvlərindən çox əziyyət çəkirik. Əvvəlki oyundan sonra demişdim ki, öz komandamı yaxşı tanıyıram, gücümüzə bələdəm. Özümüzdən çox rəqiblərimizin oyunu çempionatda qalmağımıza kömək olacaq. Yenə bu fikirdəyəm.

Reallığı qəbul etməliyik. “Sabah” kimi rəqiblərlə ümumiyyətlə oynaya bilmirik. Neçə dəfə belə oyunların şahidi olmuşuq. 70-ə yaxın qol buraxmışıq. Tək “Sabah” yox, “Şamaxı” da bizə 4 qol vurub. Müdafiədə problemlərimiz var. Bu cür oyunlarda sezilir. Çox maraqlı komandayıq. Elə olur ki, epizodları dəyərləndirə bilirik. Elə matçlar da olur ki, oyun nəzarətimiz altındadır, özümüz rəqibə hədiyyə edirik ki, gəl bizi ud. Bunun acısını çəkirik”.

Samir Abasov çempionatda qalmaq şansları barədə də söz açıb: “Ümid edirik ki, çempionatda qalacağıq. Amma növbəti rəqiblərimiz bundan da çətindir. Çempionla oynayacağıq. “Zirə” ilə ev oyunumuz var. Şanslarımız varmı? Bu, heç müzakirə mövzusu deyil.

Bizim yaşadığımız bütün komandaların başına gələ bilər. Yuxarı pillələrdə olan komandalar da bu situasiyalardan keçib. İndi bizim növbəmizdir, biz bu dönəmdəyik. Səbr etməliyik. Çempionatda qalsaq, növbəti mövsümə köklü dəyişikliklərlə girməliyik. Bu qədər problem varsa, deməli, işlər əvvəldən düz getməyib. Bu, hamımıza aiddir. Belə hallar tək bizim başımıza gəlmir. Legioner transfer etməyə icazə veriləndən sonra ilk mövsümümüzdür. Düzdür, bu, məndən əvvəl baş verib. Seçim məsələsində səbrli olmaq lazımdır. Məndən əvvəlki məşqçinin fikirlərinə görə seçilmiş oyunçulardır. Çıxış yolu köklü dəyişikliklərdir. Bu, olmasa, eyni şeyləri yenə yaşaya bilərik”.