“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Meydanda sonadək gərginlik hiss olundu. Bu gün rəqib də yaxşı mübarizə apardı və bizə çox sayda problem yaratdı. Müdafiədə yaxşı oynayır, bizə imkan vermirdilər. Önəmli olan qələbə qazanmaqdır. Seriyamızı davam etdirmək istəyirik. Uşaqlar da əziyyət çəkdilər. Yolumuza davam edəcəyik”.
Samir Abasov komandasının meydana arxayın çıxmadığını söyləyib: “Biz buna imkan vermərik. “Sumqayıt”la aramızdakı keçmiş oyunlar çox şişirdilib. Qol vurduq, dərhal da buraxdıq. Son vuruşlar yaxşı olsaydı, bəlkə də, birinci hissədə oyunun taleyini həll edərdik”.
Baş məşqçi qapıçı Kamran İbrahimovun qol buraxdığı epizodu da şərh edib: “Sabah ona ehtiyacımız ola bilər. Təbii ki, səhvi deyiləcək, göstəriləcək. Kamran yerli qapıçıdır, limitdə istifadə edirik. Bu səhvin üstünə getmək fikrimiz yoxdur”.
“Neftçi”nin çalışdırıcısı bu qış transfer etdikləri Azər Əliyevin yerli oyunçu statusunda çıxış etməsi ilə bağlı işlərin getdiyini vurğulayıb: “Baş məşqçi kimi bunun tez həllini tapmasını istəyirəm. Rəhbərlik bu suala daha yaxşı cavab verər. Ümumiyyətlə, limitin qəti əleyhinəyəm. Amma qərar budursa, başqa yolumuz yoxdur”.
“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa isə məğlub olduqları matçdan sonra bunları söyləyib:
“Neftçi”nin heyətində kifayət qədər yaxşı futbolçular var. Bunun da nəticəsi kimi yaxşı nəticə qazandılar. Hər kəs öz oyununu göstərdi. Belə komandalara qarşı matçlarda da xal qazanmaq lazımdır. Amma bu, bizə nəsib olmadı. Hazırda yalnız peşəkarlığımızı qorumalıyıq. Hazırda rəqib seçəcək vəziyyətdə deyilik. Bütün matçlara son oyun kimi çıxırıq. İstənilən görüşdə xal qazanmaq istəyirik. Ona görə də emosionallıq olur. Tezliklə komandamın da qələbə qazanacağına inanıram. Bu məqam da gəlib çatacaq. Qələbənin resepti budur. Yalnız bu şəkildə qalib gəlmək olar. İnanıram ki, məni də qələbə münasibətilə təbrik edəcəksiniz”.