Samir Abasov və Vasili Berezutskidən heç-heçəyə şərh

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatmış oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Meydana qələbə üçün çıxmışdıq. Çox ümidli və motivasiyalı idik. Qəbələ toplanışında öz kanalımıza müsahibəmdə də hər şeyin möhtəşəm keçdiyini demişdim. Bu gün uduzsaydıq, nə deyəcəyimi bilmirdim. Qol buraxıb, qol vurursansa, ruhlanırsan. Biz kənardan nə qədər istəsək də, futbolçuların fiziki durumu, yorğunluğunu da nəzərə almalıyıq. Deməzdim ki, qələbəni istəmirdilər və bir xal üçün oynayırdılar. Qorxu bəzi futbolçularda ola bilər. Bu da xal itirməklə bağlıdır. Yaxşı maraqlı oyun odlu. Qol çox olmadı, epizodlar da həmçinin. Futbolçulara təşəkkür edirəm. İşimiz elə çoxdur ki… Oyun intizamını düzəltmək lazımdır. Psixoloji məqamlar da var. “Neftçi” adına çox hücum etməliyik. Bunlar bir günlə düzəlməyəcək. Hücumlarda daha da kəsərli olmalıyıq. Bu tempə dözmək üçün hər şey yerində olmalıdır. Problemlərimiz var, aradan qaldıracağıq. Vaxt lazımdır”.

Samir Abasov azarkeşlərin daha iddialı “Neftçi”ni nə görəcəyi barədə sualına da cabab verib:

“Mənim futbolçularımı efirdə, saytlarda yerdən-yerə vururlar. Bu futbolçu filan şey etmədi, bu futbolçu oynaya bilmir. Onlar oynaya bilmirsə, dominant futbolu necə oynayaq? Dominant futbol oynamaq üçün uzun proses keçməlisən. Kökə bağlı bir şeydir. İlin əvvəlindən qurduğun işə bağlanır. Ayaqda durmağı bacarmalısan və komanda, məşqçi işi ortada olmalıdır. Sizin gözünüzdən qaçan şeylər var ki, mən də razıyam, daha çox şey tələb edirik. Amma tələb edəndə düşünürəm ki, o futbolçu bunu edə bilər? Bizdən yuxarıda gedən komandalar… “Qarabağ”ı çıxaq. Orada artıq sistem məsələsi var. Digər komandalar bir-biri ilə oynayanda, hansı dominantdır? Mən anladığım dominant futbol bir günlə düzələn bir şey deyil. Onun üçün kökün olmalıdır, ayaqda duran komanda olmalısan. Rəqib artıq bilməlidir ki, bu sənin oyunundur. İki-üç aylıq məşqçi dəyişikliyi ilə düzələsi bir şey deyil”.

“Təəssüf ki, qalib gələ bilmədik”

“Sabah”ın baş məşqçisi Vasili Berezutski isə heç-heçə barədə bunları söyləyib:

“Oyun ərzində bir az üstünlüyümüz var idi. Amma təəssüf ki, qalib gələ bilmədik. Daha da artırmağa çalışacağıq. Bu gün Sofian Çakla tapşırdığımız mövqedə çox xoşuma gəldi. Mövqe seçimi, bu zonadakı hərəkətliliyini bəyəndim. İstədiklərimizi həyata keçirdi. Elvin Camalov isə hələ tam hazır deyil. Skautlarımız həm qışda, həm də yayda işləyirlər. Axtarışlarımız davam edir. Çox istəyərdik ki, bütün mövqelərə oyunçu transfer edək. Bununla rəqabəti artıra bilərik”.