Samir Abasov yenə “Neftçi”yə söz atdı: “Gözəl təcrübə oldu”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 36-cı turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri və Konfrans Liqasına vəsiqəni təmin etdikləri mövsümün son matçından sonra keçirilən mətbuat konfransında bunları dilə gətirib:

“Bu qələbənin açarı azarkeşlər oldular. Şəhər göstərdi ki, lazım olan məqamda komandaya necə dəstək olmaq lazımdır. Sumqayıt futbol şəhəridir. Futbolçularıma təşəkkürümü bildirirəm. Mövsüm bitdi, artıq biz də dincələrik. Bu mövsüm bizim üçün gözəl təcrübə oldu.

Mövsümün əvvəlində avrokuboklara vəsiqə qazanmaq kimi bir hədəfimiz yox idi. Oyunumuzla, nəticələrimizlə bu yeri tutduq. Konfrans Liqasına da təcrübə kimi baxacağıq. Əlimizdən gələni edəcəyik. Yeni komandayıq. Heyət baxımından problemlərimiz var. Bunu bir ayda həll etmək mümkün deyil. Yeni oyunçular gətirmək üçün vaxtımız azdır. Heç bir legioner futbolçu Azərbaycanı prioritet saymır. 5-6 minlik oyunçular 10 min tələb edir. Konfrans Liqasının dadını çıxaracağıq”.

Samir Abasov keçmiş komandası “Neftçi”nin avrokuboklardan kənarda qalmasına da toxunub: “Neftçi” nə qazanıbsa, mənim vaxtımda qazanıb. Orada görülən yaxşı işlər var. Təzə rəhbərlik gəlib. Etmək istədikləri layihələrdən xəbərim var. Orada dostlarım çoxdur. Daha yaxşı, daha güclü “Neftçi” olacaq. Bunu əminliklə deyirəm. İstəyərdim ki, onlar da avrokuboklara getsinlər. Samir Abasov hazırda “Sumqayıt”ın baş məşqçisidir. Fikrimcə, mən “Neftçi”yə lazım deyiləm. Zaur Əzizov dedi ki, səninlə müqavilə bağlamırıq, biz Avropa səviyyəli məşqçi istəyirik. Düşünürəm ki, “Neftçi”yə daha səviyyəli məşqçilər lazımdır”.

“Qəbələ”yə maksimum bir il lazımdır ki, elitaaya qayıtsın”

Elitada sonuncu oyunu keçirən və gələn mövsüm Birinci Liqada mübarizə aparacaq “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze isə Sumqayıtdakı məğlubiyyətə belə şərh verib:

“Sumqayıt”ı, Samir Abasovu və bütün Sumqayıt şəhərini təbrik edirəm. Gözəl atmosfer var idi. Bərabər oyun keçdi. Uduzmaya da bilərdik. Belə stadion, belə atmosferdə avrokuboklara layiq idilər. Onlar daha çox motivasiya olmuşdular. Biz pis oynamadıq. Bəzi oyunçularda köklənmə zəif idi. Təbii ki, rəqiblə bizim motivasiyamız eyni deyildi. Futbolçulara təşəkkür edirəm. Çox yaxşı oyunlar keçirdilər. Azarkeşlərin çox olması bu matça da çox təsir etdi. Bu gün “Sumqayıt” onlara görə say üstünlüyü qazanmışdı. Biz artıq 1-ci liqadayıq. Belə böyük klubun aşağı düşməsi təəssüf doğurur. Amma böyük klublar da aşağı liqaya düşüb. Bu, düzələn məsələdir. Belə prezidenti, belə rəhbərliyi olan kluba maksimum bir il lazımdır ki, Premyer Liqaya qayıtsın. “Qəbələ” təkcə çempionat deyil, Avropada da yaxşı oynadığını sübut edib. Bu matçdakı atmosferin hər görüşdə olmasını istəyirəm. Belə ab-hava futbolçulara da müsbət təsir edir. Bu komanda gələn il Premyer Liqaya qayıtmalıdır”.