Samir Abasov yenidən “Neftçi”də – Rəsmi

Bu gün “Sumqayıt”la yollarını ayıran Samir Abasov gözlənildiyi kimi, “Neftçi”nin yeni baş məşqçisi təyin edilib.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən məlumat verir.

46 yaşlı mütəxəssis bundan sonra “ağ-qaralar”ın uğurları üçün çalışacaq. Onunla bu gün 2 illik müqavilə imzalanıb.

Buna qədər “Sumqayıt”ı çalışdıran Samir Abasov bu komandanı sonuncu mövsümdə Avropa Konfrans Liqasına çıxarmağı bacarıb.

Abasov “Neftçi” üçün də kifayət qədər tanış simadır. Paytaxt klubu ilə həm futbolçu, həm də məşqçi kimi çempionluq sevinci yaşayan Abasov “Neftçi”yə 2020/2021-ci illər mövsümündəki sonuncu çempionluğu qazandıran şəxsdir.

2020-ci ilin noyabrında “ağ-qaralar”ın baş məşqçisi təyin edilən Abasov həmin dövrdə bu komandanı 59 oyuna çıxarıb. Komanda bu görüşlərdə 32 qələbə qazanıb, 13 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb. Abasov 2020/2021-ci illər mövsümündə paytaxt klubunu Azərbaycan çempionu edib ki, bu da “Neftçi”nin o vaxtdan bəri hələlik sonuncu uğurudur. Bu, elə Abasovun da məşqçilik karyerasında yeganə uğurudur. Lakin 2022-ci ilin iyun ayında avrokuboklardakı uğursuz çıxış Abasovun “Neftçi”dən qovulması ilə nəticələnmişdi.

Qeyd edək ki, “Neftçi” bu mövsümə çox uğursuz başlayıb. Paytaxt təmsilçisi keçirdiyi 9 oyunda 5 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. 5 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşmış “Neftçi” məhz bu üzdən baş məşqçisi Roman Qriqorçukla yollarını ayırmaq məcburiyyətində qalmışdı.

Samir Abasov 2022-ci ilin sentyabr ayından “Sumqayıt”a rəhbərlik edirdi. O, bu müddətdə komandanı 81 oyuna çıxarıb, 27 qələbə, 19 heç-heçə və 35 məğlubiyyət görüb. Abasov məşqçiliyə də elə 2015-ci ildə “Sumqayıt”da başlayıb. 2015-ci ilin oktyabrından 2018-ci ilin avqustuna qədər bu komandanı 72 oyuna çıxarmış mütəxəssis 27 qələbə, 18 heç-heçə 27 məğlubiyyətə şahidlik edib. 46 yaşlı mütəxəssis 2018-2019-cu illər aralığında “Zirə”yə də rəhbərlik edib (37 oyun, 12 qələbə, 10 heç-heçə, 15 məğlubiyyət).