Samir Abasov yenidən “Sumqayıt”da!

Samir Abasov yenidən “Sumqayıt”ın baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 44 yaşlı PRO kateqoriyalı mütəxəssislə 2024/25 mövsümünün sonuna qədər müqavilə imzalandığı diqqətə çatdırılıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Aleksey Baqanı əvəz edib. Belaruslu mütəxəssis ötən ilin dekabrından bu komandaya rəhbərlik edirdi. Lakin cari mövsümdə çox uğursuz çıxış edən “Sumqayıt”da məhz baş məşqçi əsas günahkar hesab olundu. Sözügedən kollektiv bu mövsüm Premyer Liqada 7 oyuna cəmi 3 heç-heçə edib, 4 matçda məğlub olub. Hazırda 3 xalla 10 iştirakçı arasında 9-cu olan “Sumqayıt”, cəmi 1 qol vurduğu halda (onu da penaltidən) öz qapıısndan 10 top buraxıb. Halbuki, bu mövsümün əvvəlində klub rəhbərliyi tarixi ənənəsini pozaraq legioner futbolçular transfer etməyə qərar vermişdi. Belədə, bu komandanın əvvəlki mövsümlərdən daha uğurlu çıxış edəcəyi ehtimal olunsa da, nəticələr tam fərqli oldu. Heyətə xeyli əcnəbi futbolçunun cəlb olunmasına baxmayaraq, komanda autsayderlər sırasındadır. Samir Abasovun bu uğursuz gedişatı dayandırıb-dayandıra bilməyəcəyini isə zaman göstərəcək.

Xatırladaq ki, Samir Abasov 2011-2014-cü illərdə futbolçu kimi də “Sumqayıt”ın şərəfini qoruyub. 2015-2018-ci illər aralığında isə o, bu komandada baş məşqçi kimi işləyib. Abasov futbolçu karyerası dönəmində “Viləş”, “Şəfa”, “Şahdağ”, “Neftçi”, “Qarabağ”, “Karvan” və “İnter” klublarında da çıxış edib. Abasov məşqçi kimi isə “Zirə” və “Neftçi” klublarında çalışıb. Karyerası ərzində 3 dəfə Azərbaycan çempionluğu yaşamış Abasov, 2 dəfə futbolçu kimi, 1 dəfə isə məşqçi kimi bu uğura nail olub.