“Neftçi”nin baş məşqçisi Samir Abasov Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində İsrailin “Makkabi” (Hayfa) komandasına qarşı keçirəcəkləri ilk oyundan əvvəl fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sabahkı oyunun çətinliyi və gərginliyindən danışmaq artıqdır. Avrokuboklarda yolumuza davam etmək üçün bu, axırıncı şansdır. Əlimizdən gələn hər şeydən istifadə edib, bacardığımızı meydanda qoymaq istəyirik.
Əvvəlki rəqiblərimizə nisbətən “Makkabi” daha güclü komandadır. Heyətdə təhlükəli oyunçuları çoxdur. Lakin biz buna hazırıq. İnanıram ki, əlimizdən gələni edəcəyik.
Bəzi oyunçuların səhhətində problem var. Bu səbəbdən, proqramdan kənara çıxdıq. Məşq etməli olan futbolçulara istirahət verdik. Oyuna nə qədər hazır olacaqlarını bilmirəm. Sabir Buqrin və Sezar Meza Kolli sabah meydanda olacaq. Hər şeyi oyunda görəcəyik. Huqo Basto koronavirusdan yeni sağalıb, məşqlərə qoşulub, tam hazır deyil. Ehtiyat oyunçular skamyasında yer ala bilər. Çox güman ki, oynamayacaq”.