Azərbaycan Boks Federasiyasının (ABF) prezidentinin müşaviri Samir Hüseynov millimizin dünya çempionatındakı çıxışını şərh edib. Arena.az xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə baş tutan kişi boksçular arasında dünya çempionatında ölkəmizi uğurla təmsil etmiş Azərbaycan yığması vətənə qayıdıb.
Nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Boks Federasiyasının kollektivi, Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Samir Hüseynov Hava Limanında jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, 107 ölkənin iştirakı ilə keçirilən dünya çempionatından 2 medalla qayıtmaq sevindirici haldır:
“Hakimlərin ədalətsizliyi olmasaydı, mükafatların sayı daha çox, əyarı da yüksək olardı. İdmançılarımız güclərini göstərdilər, inamlı qələbələr qazandılar. Hesab edirik ki, bundan sonra da davamı gələcək.
Qarşıda bizi Polşada keçiriləcək Avropa Oyunları gözləyir. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq baxımından çox əhəmiyyətli yarışdır. Fikrimcə, dünya çempionatında həm boksçuların, həm də məşqçilərin zəhməti boşa getmədi. Əlbəttə, idmançılarımızın döyüşlərini, güclü və zəif cəhətlərini bir-bir təhlil edəcəyik.
Avropa Oyunlarına da tam heyətlə yollanacağıq. Burada kişi boksçularımızla yanaşı, qadınlardan ibarət millimiz də iştirak edəcək. Olimpiadaya lisenziyalar qazanmaq üçün böyük şanslarımız olacaq”.
Xatırladaq ki, 538 boksçunun iştirakı ilə keçirilən dünya çempionatında millimizin üzvlərindən Alfonso Dominqes (86 kq) gümüş medalla kifayətlənib. Məhəmməd Abdullayev (+92 kq) isə bürünc medal qazanıb. Yığmamız 107 ölkə arasında 7-ci yerə şərik olub.