İtaliyanın “Sampdoriya” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Deyan Stankoviç çalışdıracaq.
Bu barədə Genuya klubunun rəsmi saytı məlumat yayıb. Serbiyadan olan 44 yaşlı mütəxəssislə 2023-cü ilin 30 iyununa kimi müqavilə imzalanıb. Lakin tərəflər bu müqavilənin müddətini daha 1 il uzatmaqla da bağlı ilkin razılıq əldə ediblər.
Deyan Stankoviç baş məşqçi postunda Marko Campaolonu əvəz edib. Hansı ki, o, uğursuz nəticələrə görə oktyabrın 2-də istefaya göndərilmişdi. Son olaraq doğma meydanda “Montsa”ya 0:3 hesabıyla uduzan “Sampdoriya”, bu mövsüm keçirdiyi 8 oyunda cəmi 2 heç-heçə edib və 6 məğlubiyyətə üzülüb. Ardıcıl dörd oyundur uduzan komanda 2 xalla 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. 8 oyunda cəmi 4 qol vuran Genuya təmsilçisi, öz qapısından 16 top buraxıb. Campaolo bu ilin yanvar ayından “Sampdoriya”ya rəhbərlik edirdi. Bu müddət ərzində Genuya təmsilçisi onun rəhbərliyi altında keçirdiyi 25 oyunda cəmi 6 qələbə qazanıb, 3 heç-heçə edib və 16 məğlubiyyətə üzülüb
Stankoviç isə son olaraq Serbiyanın “Srvena Zvezda” komandasının baş məşqçisi postunda çalışıb və Belqrad təmsilçisini 3 dəfə ölkə çempionu edib. O, 2019-cu ildən çalışdırdığı Belqrad təmsilçisindən bu ilin avqustunda ayrılmışdı. Gənc mütəxəssis daha öncə İtaliyanın “Udineze” klubunda köməkçi məşqçi kimi də çalışıb.
Serbiya millisinin sabiq üzvü futbolçu olarkən də “Srvena Zvezda”da çıxış edib. Daha sonra o, İtaliyanın “İnter” (326 oyun, 42 qol) və “Latsio” (208 oyun, 33 qol) klublarının şərəfini qoruyub. Stankoviç 6 dəfə İtaliya çempionu olub. O, Serbiya yığmasında da 103 oyuna 15 qol vurub.