“Samsunspor” 6 futbolçu ilə vidalaşdı

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) mübarizə aparan “Samsunspor” klubunda 6 futbolçu ilə yollar ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Samsun təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Super Liqa klubunda dayaq yarımmüdafiəçisi Osman Çelik, sol vinger Morike Fofana, mərkəz müdafiəçisi Alim Öztürk və qapıçı Yakub Şumsk ilə yolların ayrıldığı diqqətə çatdırılıb. Onların hər biri azad agent kimi komandanı tərk ediblər.

Belçikanın “Vesterlo” klubundan icarəyə götürülmüş yarımmüdafiəçi Məhəmməd Gümüşkaya da Samsun təmsilçisindən ayrılıb. O, müqavilə ilə məxsus olduğu “Vesterlo”ya qayıdıb. Türkiyəli pleymeykerin bu klubla 2 illik müqaviləsi var.

Samsun klubu yollarını ayırdığı bu beş futbolçunun hər birinə xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyealarında uğurlar arzulayıb. Onlarla yanaşı, “Qalatasaray”dan icarəyə götürülmüş Taylan Antalyalının da icarə müqaviləsinin müddəti başa çatıb. Bu üzdən o da “Qalatasaray”a qayıdıb. Hansı ki, 29 yaşlı futbolçunun İstanbul təmsilçisi ilə 2026-cı ilin yayına kimi müqaviləsi var. Amma Türkiyə mətbuatının yazdığına görə, “Samsunspor” rəhbərliyi Taylan Antalyalının növbəti mövsümdə də icarə əsasında komandada qalmasını istəyir. Bu üzdən klublar arasında danışıqlar davam edir. Lakin yekun nəticənin necə olacağı hələ bilinmir.

Xatırladaq ki, “Samsunspor” Türkiyə Super Liqasında geridə qalmış 2023/2024 mövsümünü 43 xalla 13-cü sırada başa vurub.