Samuel Dal “Roma”da – Rəsmi

İsveç millisinin və “Yurqorden” klubunun sol cinah müdafiəçisi Samuel Dal bundan sonra “Roma”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Canavarlar” bu transferə görə “Yurqorden”ə 4,3 milyon avro ödəyiblər. 21 yaşlı isveçli müdafiəçi ilə uzunmüddətli müqavilə imzalansa da, detallar açıqlanmayıb.

Samuel Dal İsveçin “Vasteras” klubunun yetirməsidir. “Örebro”da da oynamış gənc futbolçu 2023-cü ilin iyul ayından “Yurqorden”də çıxış edirdi. O, sözügedən komandanın heyətində 37 oyuna çıxıb və 6 məhsuldar ötürmə müəllifi olub.

İsveçin müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Samuel, bu ilin yanvarında əsas millidə də debüt edib.

“Roma” iki futbolçusu ilə də yollarını ayırıb. Paytaxt klubu bir neçə gün öncə yeni müqavilə bağladığı gənc futbolçusu Luici Kerubinini “Karrareze”yə icarəyə verib. 20 yaşlı sol vinger qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. Onun “Roma” ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var.

“Roma”nın əzəli rəqibi “Latsio”nun futbol akademiyasından da keçmiş Luici Kerubini “canavarlar”ın əsas komandasında cəmi 1 matç keçirib. O, İtaliyanın U-18 və U-20 yığmalarında da oynayıb.

“Roma”nın mərkəz yarımmüdafiəçisi Rikkardo Paqano isə icarə əsasında “Katanzaro”ya keçib. 19 yaşlı italyan futbolçu da qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq.

Paqano “Roma”nın yetirməsidir. Gənc futbolçu bu klubun əsas komandasında 7 oyuna çıxsa da, fərqlənə bilməyib. O, İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, indi isə U-20-yə dəvət alır.

Xəbəri istədiklərinizlə paylaşın